21 noyabr 2017 23:18
2079

Qeyri-neft sektorunun sənaye hissəsi 3,1 faiz artıb

Görülən işlər, həyata keçirilən tədbirlər sayəsində 2017-ci ilin doqquz ayında bütün sahələrdə hərtərəfli və dinamik inkişaf təmin edilib, respublikamızın iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri sənədində bu sahəyə xüsusi diqqət yetirilib və çoxsaylı tədbirlər müəyyən edilib.

Qəbul olunan Dövlət proqramları, inkişaf konsepsiyaları, Strateji Yol Xəritələri Azərbaycanda davamlı inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasına böyük töhfələr verib. Məhz bunların nəticəsində cari ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sektorunun sənaye hissəsi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Bu ilin doqquz ayında Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42 milyard dollara çatıb.

Hazırda demək olar ki, respublikamızın bütün bölgələrində texnoparklar yaradılır, onların səmərəli fəaliyyəti üçün müasir infrastruktur qurulur.

Qeyd edək ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamları ilə 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, 2012-ci ildə Yüksək Texnologiyalar Parkı təşkil edilib. Görülən işlərin davamı kimi cari ildə ölkəmizdə yeni sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər həyata keçirilib, Şəmkir Aqrar-Sənaye Parkı istifadəyə verilib. Mingəçevir Sənaye Parkı, Mingəçevir Yüksək Texnologiyalar Parkı, Qaradağ Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsinin uğurla reallaşdırılması regionlarda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılmasına əyani sübutdur.

Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması və Karbamid Zavodunun inşası, Qaradağda Sement Zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Ötən dövrdə ölkədə qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmış, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulub.  Bu da ölkədə həyata keçirilən sənayeləşmə siyasətinin doğruluğunu bir daha təsdiq edir.

Həyata keçirilən hüquqi və institusional islahatlar çərçivəsində vergi sisteminin liberallaşdırılması, investorların hüquqlarının etibarlı qorunması, bu sahədə dövlət siyasətinin sahibkarlığın inkişafı, daxili və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından qurulması, vergi qanunvericiliyinin daim təkmilləşdirilməsi, biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi, tikintiyə icazələrin alınmasının asanlaşdırılması sahəsində atılan addımlar, zəngin xammal bazasının mövcudluğu, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində irimiqyaslı layihələrin reallaşdırılması, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi, bütövlükdə əlverişli biznes mühitinin yaradılması respublikamızın xarici investorlar üçün cəlbediciliyini daha da artırmışdır.

Zahid Rza, “İki sahil”