Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkir rayonunun Çənlibel kəndi ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.
Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Qazel" markalı yük avtomobili ilə “Lada Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü İsmayılov Tural Xasay oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".