20 sentyabr 2024 00:19
468

ABŞ rəsmiləri reallıqlarla barışacaqlarmı?

Son günlər ABŞ rəsmiləri Azərbaycanla Ermənistan arasında sülh prosesinə hərtərəfli dəstək və töhfə verməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər. Məsələn, elə bu günlərdə ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ölkəsinin bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Halbuki, ABŞ Dövlət katibi yaxşı bilir ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasının yeganə yolu Prezident İlham Əliyevin bildirdiyi kimi, təcavüzkar ölkənin öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulması, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə xitam verilməsidir.  Çünki rəsmi Bakı yaxşı dərk edir ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən sülh sazişini imzalayacağı təqdirdə, bu sazişin gələcəkdə heç bir hüquqi qüvvəsi olmayacaq. Elə bu səbəbdən sülh sazişinin imzalanması Azərbaycanın beynəlxalq normalar çərçivəsində irəli sürdüyü prinsipial şərtlər əsasında  imzalanmalıdır.

Ermənistanla təmaslarını intensivləşdirən və tez bir zamanda sülh müqaviləsinin imzalanmasında marağı olduğunu gizlətməyən ABŞ isə  bu məsələdə hələ də, necə deyərlər, sol qulağını sağ əli ilə qaşımaqdadır.  Guya bununla da ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir.

Bəli, ABŞ Azərbaycanın beynəlxalq hüquqla tam uzlaşan, regionun təhlükəsizliyi naminə olduqca prinsipial şərtlərini təmin edilməsi məqsədilə Ermənistana heç bir təsir göstərmir. Bu ölkə Fransa kimi Ermənistanı silahlandırmaqla, Hayastan ordusunda təlimlər keçirməklə, ona hərtərəfli dəstək göstərməklə, Azərbaycana siyasi həmlələr təşkil etməklə, təcavüzkar ölkənin  militarizasiya siyasətini dəstəkləməklə öz istəyinə nail olmağa çalışır. Hətta ABŞ-ın Ermənistanda hərbi bazası qeyri-leqal şəkildə artıq  fəaliyyətə başlayıb. Sözügedən ölkənin əməlləri bir daha göstərir ki, təmsil olunduğu ATƏT-in Minsk qrupunun tərkibində 28 il sülh yolu ilə torpaqlarımızın azad olunacağı nağılını oxuyan ABŞ təcavüzkarı dəstəkləməkdə davam edir. Halbuki, bölgədə sülh, əmin-amanlıq istəyən bir ölkə belə addımlar atmamalıdır.

Məgər ABŞ bilmirmi, dörd ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar gedir? Azərbaycan qalib ölkə kimi prosesə sadiqliyini dəfələrlə nümayiş etdirsə də, Hayastan bu müddət ərzində dondan-dona girməklə, daha doğrusu, gah nala, gah mıxa vurmaqla sülh sazişini imzalamaqdan yayınır. Üstəlik, müqavilənin imzalanmamasında Azərbaycanı günahkar çıxarmaq üçün dəridən-qabıqdan çıxır.  Bununla da Ermənistan beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışır. Bir tərəfdən sülhə çağırışlar edən,  digər tərəfdən Ermənistanı gizli şəkildə silahlandıran ABŞ bu addımları ilə nə demək istəyir? Şübhəsiz, cavab birmənalıdır: Bütün bunlar Ermənistandakı revanşist əhval-ruhiyyənin qorunub saxlanılmasına, həmçinin onları növbəti müharibəyə sürükləməyə, bölgədə gərginliyi artırmağa xidmət edir.

Ermənistana yardımlarını artırmasına gəldikdə isə rəsmi Vaşinqton bildirir ki, bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir. Halbuki, təcavüzkar ölkə bütün yardımları silahlanmaya yönəldir. Olmaya, ABŞ rəsmiləri bundan xəbərsizdirlər?

Nə qədər qəribə olsa da bu məsələlərdə demək olar ki, ABŞ-ın bütün rəsmiləri eyni mövqe nümayiş etdirməkdədirlər. Elə bil, el arasında  deyildiyi kimi, bir-birinin ağzına tüpürüblər.  Buna görə də sentyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bu məsələni bir daha gündəmə gətirib. Bildirib ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir. O, bu xüsusda sentyabrın 16-da Ermənistanın ABŞ-dakı səfirliyində bu ölkənin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administrator müavini İzobel Koulmanın ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etməsini də diqqətə çatdırıb. Halbuki, Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və heç vaxt mülki əhalini hədəf almayıb. Şübhəsiz, İzobel Koulmanın belə bir açıqlaması Azərbaycanın sülhməramlı addımlarına, eləcə də ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.

Bütün bunlar azmış kimi, erməni lobbisinin ayırdığı vəsaitlərlə canfəşanlıq edən bəzi amerikalı konqresmenlər də Azərbaycana hədyanlar yağdırmaqdadırlar.  Bütün bunlara rəğmən, beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edən Cənubi Qafqazın lider dövləti Azərbaycan bölgədə yaratdığı yeni reallıqlara uyğun siyasətini davam etdirir. Görəsən, ABŞ rəsmiləri nə zaman bu yeni reallıqları nəzərə almağa başlayacaqlar? Şübhəsiz, ikili standartlardan əl çəkəndə… Amma görünən budur ki, Birləşmiş Ştatlar hələ ki, bundan imtina etmək niyyətində deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”