20 sentyabr 2024 02:27
367

Dərin sularda neft, qaz hasilatı üçün yeni model yaradır - Çindən daha bir yenilik

Çin Media Qrupunun çərşənbə axşamı verdiyi məlumata görə, bu ölkə cənubda yerləşən Şenzen şəhərindən 240 kilometr cənub-şərqdəki “Pearl River Mouth” hövzəsində iki dəniz qurğusunun tamamlanması ilə dərin sularda neft və qaz hasilatında yeni model yaradıb.

Asiyanın ilk silindrik üzən neft-qaz hasilatı, saxlanması və boşaldılması obyekti olan “Haikui №1” və Asiyanın ən böyük dərin su kəməri strukturu olan “Haiji №2” də daxil olmaqla iki obyekt dənizdə neft və qaz hasilatını daha səmərəli edir.

2 nömrəli Haiji dəniz dibindən xam neftin çıxarılmasına cavabdehdir, 1 nömrəli Haikui isə neft və qazın hasilatı, saxlanması və boşaldılması ilə yanaşı, 2 nömrəli Haiji strukturunu enerji ilə təmin edir.

"Bu hasilat modeli neftin hasilat dərəcəsini əhəmiyyətli şəkildə artıra və neft yatağının hasilat müddətini təxminən 30 il uzada bilər ki, bu da Çində dərinsulu neft və qaz yataqlarının səmərəli işlənməsi üçün yeni variant təqdim edir", - şirkətin hasilat meneceri Yu Honqkun bildirib.

Ölkənin ən böyük dəniz neft hasilatçısı Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) tərəfindən hazırlanmış bu birləşmə “Liuhua” neft yatağının ikinci dərəcəli işlənməsi layihəsinin bir hissəsidir.

37 min ton çəkisi və təxminən 30 mərtəbə hündürlüyü ilə “Haikui №1”in maksimum 60 min ton neft saxlama qabiliyyəti var və o, limana qayıtmadan 15 il fasiləsiz olaraq dənizdə fəaliyyət göstərə bilər. 428 metr hündürlüyü və 50 min tondan çox çəkisi ilə Haiji-2 strukturu hündürlüyü, çəkisi, istismar dərinliyi və tikinti sürətinə görə Asiyada rekordları qırıb.

Nubar Süleymanova, “İki sahil”