20 sentyabr 2024 10:14
82

GDU-da “COP29 və Azərbaycan: İqlim dəyişikliyi təhlükəsi” mövzusunda dəyirmi masa keçirilib

Gəncə Dövlət Universitetinin (GDU) Kimya-biologiya fakültəsində “COP29 və Azərbaycan: İqlim dəyişikliyi təhlükəsi” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin beynəlxalq əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizin dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir.

GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında COP29 tədbirlər planına uyğun olaraq ölkəmizdə aparılan genişmiqyaslı işlərdən və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin önəmindən bəhs edib.

Tədbirdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Elnarə Hüseynova “Ətraf mühit amillərinin uzunömürlülüyə təsiri”, baş müəllim Güləbatın Hümbətova “Müasir qida məhsulları və ekoloji mühit”, baş müəllimi Şəlalə Hacıyeva “COP29 – İqlim dəyişkənliyinin quşlara təsiri”, müəllim Zərifə Seyidova “Dəyişkən ekoloji şəraitə uyğun davamlı tut sortlarının çoxaldılması yolları” və Kimya-biologiya fakültəsinin III kurs tələbəsi Aysu Nəbizadə “COP-29 – paytaxtın yaşıl mərkəzi” adlı məruzə ilə çıxış ediblər.

Məruzələrdə müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri və iqlim dəyişmələrinin başvermə səbəbləri, bunun minimuma endirilməsi üçün Azərbaycan Respublikasının səyləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkəmiz yaşıl iqtisadiyyata keçidə xüsusi önəm verməklə yaşıl enerji sektoruna sərmayə qoyur, bu istiqamətdə dünyanın digər ölkələri üçün nümunə rolunu oynayır.

Tədbirdə biomüxtəlifliyin itirilməsi, torpaqların eroziyası, meşələrin qanunsuz kəsilməsi, havanın, çayların, ümumilikdə ətraf mühitin çirklənməsi, tullantıların qeyri-rasional şəkildə idarə olunması kimi fəsadların qarşısının alınması kimi məsələlərdən danışılıb. Eyni zamanda ətraf mühitdə ekoloji tarazlığın qorunub saxlanması haqqında maarifləndirici video-çarx nümayiş etdirilib.