Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bir daha bu çağırışı etdi ki, əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamıdır
Dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixili Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sənəddə də vurğulandığı kimi, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başladı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən , onların yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın Böyük Qayıdışından qürur hissi keçirir. Bu ilin mühüm hadisələrindən biri məhz suverenliyimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımların atılmasıdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edildi. Həmçinin 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü kimi təsis edildi. Şanlı Qələbəmizdən sonra atılan hər bir addım bu Zəfərin əbədiləşdirilməsinə, onun yaratdığı reallıqların qəbuluna, təsdiqlənməsinə xidmət edir. Son 4 ilin mühüm qürurverici hadisələrindən biri də dövlətimizin başçısı İlham Əliyevin torpaqlarımızın işğaldan azad edildikləri günü məhz həmin ərazidə qeyd etməsidir. Cənab İlham Əliyevin sentyabarın 19-da Ağdam, Xankəndi və Şuşa səfərləri də bunun bariz nümunəsidir. Hər bir səfər Böyük Qayıdışın daha da sürətlənməsinə xidmət edən mühüm addımlarla zəngin olur. Bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilir. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə bir səfəri çərçivəsində görülən işlərin fonunda ümumilikdə bütün azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Bu səfərlər, eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin məkanlardan mühüm çağırışları, bəyanatları ilə diqqətdə olur.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz, ondan üç il sonra- 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ən əsası sonda zəfər çalan yalanlar deyil, real faktlara, tarixi həqiqətlərə söykənən siyasət olur. Azərbaycanın döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində üstünlük qazanmasında ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz əhəmiyyətli rol oynadı.
Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün ölkə Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra edilir. Əsas hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ildək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışıdır.
Tarixi Zəfərimizdən dərhal sonra başlanan və hazırda geniş miqyas alan bərpa-quruculuq işləri, eyni zamanda, soydaşlarımızın qayıdış ünvanlarının sayının günbəgün artması ölkəmizin iqtisadi imkanlarının təqdimatı olmaqla yanaşı, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunun nümayişidir.
Dövlət başçısı İlham Əliyevin 20 Sentyabr - Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı, universitetin müəllim və tələbə heyəti ilə görüşü özündə mühüm məqamları əks etdirir. Cənab İlham Əliyev hər bir çıxışında tarixi Zəfərimizin qəhrəmanlarının qəhramanlığından, şücaətindən, vətənpərvərlik hissinin böyüklüyündən geniş bəhs edərək bildirir ki, onlar canları, qanları ilə tarix yazdılar. Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə də cənab İlham Əliyev bildirdi ki, dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarı yoxdur. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir: «Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.»
Tarixi Zəfərimizin qəhrəmanlarının hər biri bir dastan yazdı. İndiki və gələcək nəsillər bu dastana öyrənməli, qalib, bütövləşən, yeni Azərbaycanı sevməklə yanaşı, sevdirməli, daim ölkəmizin milli maraqlarını hər şeydən üstün tutmalıdırlar. Dövlət başçısı İlham Əliyev Qarabağ Universitetində sözügedən görüşdə də bu çağırışı səsləndirdi ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi.
30 il mənfur düşmən bu torpaqları tamamilə dağıtmış, bütün tikililəri, tarixi və dini abidələri yerlə-yeksan etmiş və bununla özlərində belə bir fikir yaratmışdılar ki, bu torpaqların sahibi onlardır, vəziyyət sona qədər bu şəkildə davam edəcək. Tarixi və dini abidələrin tamamilə dağıdılmasında məqsəd Azərbaycan xalqının izlərini silmək, öz yalanlarına özləri kimi dünyanı da inandırmaq idi. Amma unudurdular ki, tarixi silmək mümkün deyil. Hər daşı, qayası tarix olan bu torpaqlarımız erməni vəhşiliklərinə şahidlik edəcək və zaman yetişəndə onların əsl simalarını dünyaya çatdıracaq. Bu gün işğaldan azad edilmiş ərazilərimizə səfər edən xarici qonaqlar gördüklərindən təəccüblərini gizlədə bilmirlər. Azərbaycan xalqının bu illər ərzində necə bir vəhşi ilə üz-üzə qaldığının şahidinə çevrilirlər. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, bütün dünya görsün vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıblar, torpaqlarımızdan istifadə ediblər. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu «Qafqazın Xirosiması» adlandırırlar. Cənab İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb: «Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib.»
Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməli qoyuldu. Dövlətimizin başçısı Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış oldu. Ağdam Sənaye Parkında tanışlıqla yanaşı, yeni zavodların açılış mərasimində iştirak edən cənab İlham Əliyevə məlumat verildi ki, sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə ümumilikdə 120 nəfər işlə təmin ediləcək. İşçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur. Sənaye parkının sənaye parkının 1,7 hektar ərazisində “Eel Electric” MMC tərəfindən Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı üzrə müəssisə fəaliyyət göstərəcək. İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcək. Bu addımlar onu təsdiqləyir ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. İqtisadiyyatımızın inkişaf vektorlarının dayanıqlı mənbələr hesabına qlobal çağırışlara uyğunlaşdırılması qeyri-neft sənayesinin gücləndirilməsinin önəmini artırır.
Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində, həmçinin Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra, “Aghdam City Hotel”in açılışında iştirak etdi. Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Rayonun Xıdırlı kəndində, eyni zamanda, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış oldu. Cənab İlham Əliyevin Xankəndi şəhərində də açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin sayı genişdir. Belə ki, Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri, Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə, Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış oldu. Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qarabağ Universitetinin tələbə yataqxanasının, Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etdi. Bunlarla yanaşı, Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra, Bayraq Meydanının açılışlarında iştirak etdi.
Göründüyü kimi, bir səfər çərçivəsində atılan addımların miqyası son dərəcə genişdir. Bütün bunlar dövlətimizin qarşıya mühüm hədəf kimi qoyduğu Böyük Qayıdış Proqramının vaxtından əvvəl yerinə yetirilməsinə yönəlib. Azərbaycanın iqtisadi və maliyyə imkanları bu işlərin yüksək səviyyədə, müasir tələblərə uyğun görülməsinə geniş imkanlar yaradır. Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 20-də Ağdamın siyasi yolla işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdıb. Azadlığına qovuşmuş bu şəhərdə böyük quruculuq, təmir-bərpa işləri aparılır. Baş plana əsasən burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq, fərdi evlər və çoxmərtəbəli yaşayış binaları inşa olunacaq. Şəhərin nəqliyyat infrastrukturu da əhalinin rahatlığına hesablanıb. Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək. Tezliklə azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında diqqəti işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan infrastruktur layihələrinə yönəldərək bildirir ki, bu, bizə daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmağa imkan verir. Məlum olduğu kimi, sakinlərin bu il qaytarılacaqları şəhərlər Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləridir. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bu il üçün nəzərdə tutulan şəhərlərdən Şuşa və Xocalı sakinlərinə qovuşub. Xankəndiyə və Cəbrayıla köçün başlanması yaxın zamanlarda reallığa çevriləcək. İlin sonunadək Kəlbəcərə qayıdışın da şahidinə çevriləcəyik.
Tarixi Zəfərimiz, eyni zamanda, son dörd ildə imza atdığımız qələbələr dövlətimizin başçısının «Nəyi, necə və nə vaxt etmək lazımdır, mən bilirəm» çağırışının nümayişidir. Son 20 ildən artıq dövrdə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Adə Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik. Çıxışlarında «Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq» söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə «Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik» söyləyərək onu da vurğuladı ki, ona görə bu günə qədər bizə qarşı əsassız ittihamlar, təzyiqlər edilir. Hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir: «Çünki təbii olaraq siz o illəri yaşamamısınız və tarixi kitablardan oxuyursunuz. Ona görə həm orta məktəblərdə, həm də ali məktəblərdə müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var. İki tərbiyə mənbəyi var - ailə və müəllim… Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar.»
Cənab İlham Əliyev qeyd olunan görüşdə Azərbaycanın addım-addım hədəfə doğru irəliləməsində düşünülmüş siyasətin rolunu xüsusi qeyd etdi. Bildirdi ki, bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən başlayır. Dövlət başçısı İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə onu da vurğuladı ki, bu günü, Dövlət Suverenliyi Gününü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək. O da qeyd edildi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Cənab İlham Əliyev görüşdə Azərbaycan tarixindən geniş bəhs etdi və real faktlara, tarixi həqiqətlərə söykənərək mühüm məqamları Xankəndindən bütün dünya ictimaiyyətinə çatdırdı. Bir daha bəyan edilidi ki, Xankəndi bizim tarixi torpağımızdır. Bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi. XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilərin bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməsinə başlanıldı. Bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar.
Reallıq budur ki, Azərbaycan bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdi ki, inamla yaşamaq lazımdır. «İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır: «Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var.»
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, işğaldan azad edilmiş ərazilərimizdən səsləndiridyi çağırışların hər biri tarixi Zəfərimizə gedən yolun təhlili olmaqla yanaşı, bu Qələbəni, eyni zamanda, bir günlük antiterror tədbirlərini şərtləndirən amillərin təqdimatıdır. Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüş özündə mühüm çağırışları ehtiva edir. Cənab İlham Əliyevin Qarabağ Universitetinin yaradılması haqqında Sərəncamında da qeyd olunurdu ki, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə imzalanan bu Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrası hədəflərə nail olmağa geniş imkanlar yaradacaq.
Ölkə Prezidenti İlham Əliyev Qarabağ Universitetinin açılışının istənilən gündə deyil, məhz 20 sentyabr tarixində olmasını belə əsaslandırdı ki, bu, artıq şanlı tariximizdir. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı. Gələcək illərdə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı: «Ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər.» Dövlətimizin başçısı gənclərin qarşısında bu vəzifəni qoydu ki, yaxşı oxuyun ki, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!
Yeganə Əliyeva, «İki sahil»