Oktyabr ayında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən 12 min 780 ton yük, 12 min 284 sərnişin daşınıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda 11 müxtəliftipli vaqon cari təmir olunub. Həmçinin Ordubad-Vəlidağ sahəsində yük-sərnişin qatarlarının fasiləsiz hərəkətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülüb, xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılıb.
Muxtar respublikada dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilib.