17 noyabr 2017 23:57
3668

YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan partiyadır

Noyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Pirallahı rayon təşkilatı Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ərazi ilk partiya təşkilatında tədbir keçirildi. Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anıldı.

Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, YAP rayon təşkilatının Şura üzvü Manaf Manafov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi və Milli Dirçəliş Günü münasibətilə təbrik etdi. Natiq partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini vurğuladı. YAP-ın keçdiyi şərəfli yola nəzər salan M.Manafov bildirdi ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilib: “Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər. YAP ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 700 mindən artıq üzvü olan partiya 25 il ərzində şərəfli və qüdrətli bir yol keçib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib.”

 YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov partiyanın 25 illik yubileyi münasibətilə Pirallahıda silsilə tədbirlərin keçirildiyini diqqətə çatdıraraq bildirdi ki, YAP ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 25 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, cəmiyyətimizin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub. H.Şikarov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasında nail olduğu siyasi birlik modeli Azərbaycan xalqı üçün də bir nümunəyə çevrildi. Ulu Öndərin həyata keçirdiyi quruculuq siyasətində YAP-ın özünəməxsus rol oynadığını bildirən H.Şikarov vurğuladı ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir.

Tədbirdə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarından Füzuli Ələsgərov, Əli İbrahimov, Lyudmila Məmmədova ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə fikirlərini bölüşdülər.

Sonda partiyaya yeni qəbul olunan YAP üzvlərinə vəsiqələr təqdim olundu.

Orxan Vahidoğlu, “İki sahil”