17 noyabr 2017 23:43
1694

2018-ci il dövlət büdcəsi daha dayanıqlı və sabitdir

Noyabrın 13-də Milli Məclisin İnsan hüquqları, Regional  məsələlər,  Hüquq  siyasəti  və dövlət  quruculuğu, Mədəniyyət,  Gənclər  və idman komitələrinin birgə iclasında “2018-ci ilin dövlət büdcəsi  layihəsi haqqında” qanun layihəsi  müzakirə  edildi. Gələn il dövlət büdcəsi haqqında fikrilərini “İki sahil” qəzeti iə bölüşən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, 2018-ci il dövlət büdcəsi bu ilə nisbətən daha dayanıqlı və sabitdir.

“Büdcə sadəcə rəqəmlərdən ibarət deyil. Hər bir rəqəm arxasında iqtisadi siyasət durur. Eləcə də hər bir rəqəmin müəyyən qədər dəyişməsi ölkənin, eləcə də vətəndaşın həyatında çox mühüm rol oynayır. Xatırlayırsınızsa, iqtisadçılar 2017-ci ili ölkəmiz üçün fizikal yığcam il adlandırmışdılar. Yəni, ölkədə əsas məqsəd makroiqtisadi sabitliyin bərpa olunması, ümumilikdə ölkənin maliyyə sabitliyinin qorunub saxlanılmasından ibarət idi. Artıq 2017-ci ilin 9 ayının yekunları göstərdi ki, ölkədə makroiqtisadilik bərpa olunub, ölkənin strateji valyuta ehtiyatları artıb, iqtisadi aktivlik bir çox sahələrdə yeni investisiyalar, kreditlər tələb edir.  Bu baxımdan hesab edirəm ki, 2017-ci ildə iqtisadiyyatın qarşısında qoyulan məqsədlərə nail olundu. O məqsədlər ki, eyni zamanda büdcədə öz əksini tapmışdır. Geridə qoymağa hazırlaşdığımız ildən fərqli olaraq 2018-ci ilin büdcəsi ardıcıldır. Biz buna aktiv büdcə deyirik. Yəni 2018-ci ilin büdcəsinin fərqi onda ibarətdir  ki, bu daha çox iqtisadi aktivliyin artırılmasına rəvac verəcək” deyən Milli Məclisin deputatı onu da əlavə edib ki, gələn ilin dövlət büdcəsi hazırlanarkən əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələsi ön planda saxlanılıb: “Gələn ilin büdcəsində əməyin ödənişi ilə bağlı 104 milyon manat artım nəzərdə tutulur. Ayrılıqda desək, sosial təqaüdlərin verilməsi ilə bağlı 36 milyon, qaçqın və məcburi köçkünlərin müavinətləri ilə bağlı 14 milyon manat ayrılması nəzərdə tutulub.

Eyni zamanda gələn il dövlət büdcəsindən təqaüdlərə ayrılan vəsaitdən 16 milyon manatı ilk dəfə olaraq  işsizlərin yenidən iş tapması üçün onların ixtisaslarının dəyişməsinə sərf olunacaq ki, bu Azərbaycanda ilk innovatik tədbirdir. Büdcə xərclərindən 199 milyard manat ölkədə ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına ayrılıb ki, bu da ölkədə indiki və gələcək nəslin həm sağlamlığı, həm də iqtisadiyyatın ümumilikdə təhlükəsizliyinin qorunması baxımından mühüm xərclərdən biridir”.

T.Mirkişili onu da bildirib ki, gələn il Azərbaycanda büdcə gəlirlərinin təmin olunmasında heç bir sahədə problem gözlənilmir: “Büdcə gəlirlərinin təxminən 45,8 faizi Dövlət Neft Fondunun, 40 faizə yaxını Vergilər Nazirliyində toplanan vergilərin, 12 faizindən bir az artığı gömrüyün, təxminən 2,8 faizi isə digər gəlir mənbələri hesabına formalaşır.  Bu ilin son 9 ayının göstəricilərinə fikir versək görürük ki, vergi gəlirlərinin yerinə yetirilmə proqnozunun 100 faizinin üzərində olması və yaxud gömrük rüsumlarının toplanması proqnozunun 120 faizinin üzərində olması  bunu deməyə əsas verir ki, növbəti il Azərbaycanda büdcə gəlirlərinin təmin olunmasında heç bir sahədə problem gözlənilmir”.

Şəfiqə Dadaşova, 
Mənsumə Babayeva, “İki sahil”