27 sentyabr 2024 23:09
1060

Şotlandiya kimlərdən nümunə götürür?

Ermənistanın arxasında dayanan ölkələr Fransanın təhriki ilə Azərbaycana qarşı çirkin oyunlarını, təxribatlarını davam etdirirlər. Bununla da onlar Cənubi Qafqazda sülhə qənim kəsildiklərini açıq-aydın göstərirlər.

Artıq bu “estafet”ə Böyük Britaniya krallığına daxil olan Şotlandiya da qoşulub. Belə ki, Şotlandiya parlamentinin deputatı Kennet Gibson tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı təşəbbüs layihəsində etnik təmizləmə və işğal ilə assosiasiya olunan “artsax” terminindən istifadə olunub ki, bu da Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Şotlandiya parlamentinin internet səhifəsində yerləşdirilən layihədə, həmçinin Qarabağ ermənilərinin Azərbaycanın reinteqrasiya təklifini rədd etmələrinə də ermənisayaq don geyindirilib.

Halbuki, ölkəmizdə hazırda “artsax”, eləcə də “Dağlıq Qarabağ” adında hər hansı bir ərazi vahidi yoxdur. Bu məsələ barədə dəfələrlə məlumat da verilib. Reinteqrasiya məsələsinə gəldikdə isə artıq bütün dünya ölkələri, eləcə də beynəlxalq qurumlar da dəfələrlə bildiriblər ki, ermənilər Qarabağı könüllü tərk ediblər. Daha doğrusu, erməni əsilli şəxslər separatçıların təhriki ilə belə bir addım atıblar. Bu mənada onlar qarşı heç bir zor tətbiq olunmayıb. Bunu iddia etmək isə siyasi sərsəmlikdən başqa bir şey deyil.

Erməni diasporunun pul kisəsindən asılı olan Şotlandiya parlamentinin deputatının Azərbaycanın öz ərazilərini azad etməsinin işğal kimi qeyd etməsi də absurddur. Azərbaycan dünya dövlətləri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında tanınmış ərazi bütövlüyü çərçivəsindəki özünəməxsus ərazini necə işğal edə bilər axı? Halbuki, ölkəmizin ayrılmaz tərkib hissəsi sayılan Qarabağ bölgəsi 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Azərbaycan həmin əraziləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə azad etməklə, separatçı xunta rejimini cəhənnəmə göndərməklə öz suverenliyinə qovuşub. Özü də bu əməliyyatların heç birində mülki şəxslərdən bir kimsənin, əgər belə demək mümkünsə, burnu belə qanamayıb.

Bütün bunları cənab Kennet Gibson bilməmiş deyil. Amma o, bütün bu həqiqətləri danır. Şübhəsiz, bu da onun ermənipərəstliyindən irəli gəlir. Əgər o, ermənpərəst olmasaydı, Ermənistandan və işğal olunmuş Azərbaycan torpaqlarından etnik təmizləməyə məruz qalmış bir milyon azərbaycanlının taleyinə acıyardı. Əgər o, ermənpərəst olmasaydı təqdim etdiyi sənəddə Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılardan, həmin ərazilərdə 1.5 milyon mina basdırmasından da bəhs edərdi.  Əgər o, ermənipərəst olmasaydı Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıdışına Ermənistanın mane olmasına göz yummazdı.

Həmin “sənəd”də qeyd edilən “Şotlandiya parlamenti regionda ədalətli və davamlı sülh arzusunu ifadə edir” sözlərini də diqqətdən yayındırmaq düzgün olmazdı. Sual olunur: məgər sülh istəyən ölkə bu kimi cəfəng iddiları ilə  bölgədə vəziyyəti gərginləşdirməyə, Azərbaycanın yaratdığı yeni reallıqlara kölgə salmağa, təcavüzkar Hayastanda revanşist qüvvələrin baş qaldırmasına çalışmalıdırmı?

Bu mənada tam əminliklə demək olar ki, Kennet Gibson tərəfindən Azərbaycanla bağlı  əsassız ittihamlar üzərində ərsəyə gətirilən  “sənəd” Cənubi Qafqazda müharibəni yenidən alovlandırmağa çalışan müəyyən qüvvələr tərəfindən aparılan beynəlxalq kampaniyanın tərkib hissəsidir. Görünür,  Şotlandiya da böyük qardaşlarına sədaqət nümayiş etdirməkdə “qonşu”larından geri qalmaq istəmir. Regional muxtariyyət statusunda olan Şotlandiya parlamentinin qərəzli mövqe tutan üzvünün və onu dəstəkləyənlərin təxribatçı əməlləri isə Azərbaycan-Birləşmiş Krallıq dostluq və əməkdaşlıq əlaqələrinə ziyan vura bilməz. Çünki Birləşmiş Krallıqla Azərbaycan Respublikasını sıx dostluq münasibətləri və strateji dialoq birləşdirir. Yeri gəlmişkən qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi onlayn platformasında Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib və belə bir status yazıb: "Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib". Onun bu açıqlaması isə Böyük Britaniyadakı erməni icmasının hiddətinə səbəb olub.

Qvami Məhəbbətoğlu, “İki sahil”