28 sentyabr 2024 18:33
338

Bakıda boks üzrə Çempionlar Gecəsinin açılış mərasimi keçirilib

Bakıda boks üzrə Beynəlxalq Boks Assosiasiyasının (IBA) Çempionlar Gecəsinin açılış mərasimi baş tutub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Boks Federasiyasının (ABF) 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunan gecə "Natiq" ritm qrupunun çıxışı ilə başlayıb. Sonra isə döyüşlərə start verilib. Burada dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.

Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kiloqramda Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.

Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kiloqram) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.