28 sentyabr 2024 23:04
351

Bu haqda düşünmək mənasızdır - Qriqorçuk

"Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur. Necə varsa, elə də qəbul edirik".

“İki sahil” xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 8-ci turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, “Növbəti turda "Neftçi" "Kəpəz"lə oynayacaq. Hər iki komanda autsayderdir. Vaxtı ilə bu iki komanda güclü idi və bu komandaların oyunu derbi sayılırdı...” fikrinə belə cavab verib: “Hazırda heç bir derbi haqda düşünmürəm. Bu haqda düşünmək mənasızdır. İndi yalnız qələbə haqda düşünməliyik. Bu "Neftçi" üçün çox vacibdir. Başqa heç nə haqda düşünmürük”.

Mütəxəssis nəticələrinin şəraitlərinə layiq olmadığını vurğulayıb: “Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımız futbolda və nəticələr bundan çox geri qalır. Oyunumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə etmək olar”.

R. Qriqorçuk uğursuz seriyanı psixoloji durumla əlaqələndirib: “Taktiki və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçular üzərində təzyiq var. Psixoloji daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək”.

O, bu cür nəticələr haqda düşünmədiyini qeyd edib: "Neftçi" brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki düşüncəmdə gələcəkdə nələr baş verəcək haqda düşünmürəm. Komandanın səkkiz oyun qalib gələ bilməyəcəyini düşünmək çətindir”.

Mütəxəssis futbolçusu Emin Mahmudovun durumundan danışıb: “Yüngül zədəsi var. Həkimlərin proqnozuna görə, gələn həftədən məşqlərə qoşulacaq”.

R. Qriqorçuk gələn tur “Kəpəz”lə qarşılaşmada qələbəyə ehtiyac olduğunu və komandanın durumuna böyük təsir göstərəcəyini bildirib: “Bayaq dedim, yenə cavab verim. Min faiz əminliklə deyə bilərəm ki, qələbə qazansaq daha yaxşı olacaq. Qələbə futbolçunu çox güclü dəyişir. Analiz edirəm, görürəm ki, qələbəsizlik futbolçularda necə təzyiq yaradır. Futbolçular kimi mənə də təsir edir. Bilmirəm hansı sözlə ifadə edim. Azarkeşlərə böyük borcum var, qaytarmağı fikirləşirəm. Yaranmış vəziyyət məni çox üzür. Qazanacağımız qələbələr azarkeşlərimizə həsr olunacaq”.

O, "Neftçi" rəhbərliyi istəyərsə, təzminatsız çıxıb gedərsiz?” sualına belə cavab verib: “Gəlin futbol haqda danışaq. Bu mövzular haqda daxili müzakirə edirik”. (sportal.az)