30 sentyabr 2024 17:42
404

Formula 1 Azərbaycan Qran-Prisi bir sıra rekordlarla yadda qalıb

Bakı növbəti dəfə ev sahibliyi etdiyi "Formula 1" üzrə Azərbaycan Qran-prisi yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, sentyabrın 13-15-də baş tutmuş möhtəşəm idman yarışını tribunalardan və ayaqüstü izləyənlərin sayı son 8 ildə ən yüksək həddə çataraq 76 minə yüksəlib. Tribunalar hələ yarış başlamamış tam dolub. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu il daha 2 yeni tribuna quraşdırılmaqla sayı ümumilikdə 10-a çatdırıb.

Ötən illə müqayisədə izləyici yerlərinin sayında 35 faiz artım olub. Maraqlı faktlardan biri Azərbaycanın yerli azarkeş sayına görə top 5 ölkə sırasında yer almasıdır. Artan marağı nəzərə alaraq, gələn il azarkeş yerinin artırılması nəzərdə tutulur.

Bu il könüllü və marşal müraciətləri də rekord həddə çatıb. Belə ki, yarışda iştirak etmək üçün 4 gün ərzində 16 mindən çox namizədin müraciəti qeydə alınıb. 2 minə yaxın könüllü seçim mərhələlərindən uğurla keçməklə iştirakını təsdiq edib. Yarış müddətində 1400-ə yaxın marşal cəlb olunub. Onların 100-dən çoxu əcnəbi olub.

Builki Bakı yarışını 300-ə yaxın media nümayəndəsi işıqlandırıb. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlər olub. Dünya media nəhəngləri Sky Sports, Motorsport, Canal+, Netflix, The Sun və sair bu sırada yer alaraq, 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşıblar.

Yarış həftəsonu təkcə qəzalarla deyil, həm də əyləncə-konsert proqramı ilə yadda qalıb. Fan zonada bu il ilk dəfə Formula 1-ə aid bütün aktivasiya quraşdırılmışdı. Məşhur əyləncə aktivasiya stendləri, tanınmış pilotlarla keçirilən avtoqraf sessiyaları, musiqi proqramları və rəqslər azarkeşlərə unudulmaz anlar bəxş edib.

Bundan başqa, Kristal zalda keçirilən konsertlər – Uill Smit, DJ Black Coffee və J Balvinin səhnə performansları həftəni əsl əyləncə festivalına çevirib.

Yarışın özü isə tamaşaçıları hər an diqqətdə saxlayıb. Bakı treki yenə öz məşhur dar döngələri və sürətli düz yolları ilə pilotlara çətin anlar yaşadıb. Ard-arda qəzalar həyəcanı daha da artırıb. “Red Bull”un pilotu Serxio Peresin avtomobili gözlənilmədən təhlükəsizlik maneəsinə çırpılıb, “Ferrari”də çıxış edən Şarl Leklerin bolidi isə döngədə kontroldan çıxıb. Ən maraqlı məqam isə “McLaren” komandasının gənc sürücüsü Oskar Piastrinin toqquşmalardan ustalıqla yayınaraq 51 dövrəni lider olaraq tamamlaması olub. Bu onu deməyə əsas verir ki, avstraliyalının gərgin idman mübarizəsi şəraitində keçən yarışda göstərdiyi performans uzun müddət yaddaşlarda qalacaq. Ş.Lekler və “Mersedes”in üzvü Corc Rassel isə sıx rəqabət apararaq ikinci və üçüncü yerləri tutublar.

Bu il Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərin rahatlığı üçün yarışla əlaqədar bağlanmış yolları sürətlə açıb. Nəqliyyat məhdudiyyətləri 8 ildə ilk dəfə olaraq 24 saat tamam olmadan aradan qaldırılıb.

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi idmanla əyləncəni bir araya gətirərək, həm azarkeşlərə, həm də iştirakçılara unudulmaz yarış həftəsi bəxş edib.