01 oktyabr 2024 13:13
317

FHN-in əməkdaşları yarışlarda yüksək nəticələr göstəriblər

Bakı Beynəlxalq Avtovağzalının ərazisində meşə zolağında Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının təşkilatçılığı ilə kişilər və qadınlar arasında səmti müəyyənetmə üzrə “Orienteering Race–F2” yarışı keçirilib.

Bu barədə "İki sahil"ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Yarışda respublikanın dövlət qurumlarından, müxtəlif klub və idman cəmiyyətlərindən 60-a yaxın idmançı iştirak edərək əzmkar mübarizə aparıb. Yarışda iştirak edən FHN-in Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva qadınlar arasında 4 km-ə yaxın məsafədə xəritədə qeyd olunmuş 12 səmti dəqiqliklə qeyd edərək bütün rəqibləriniə qalib gəlib və qızıl medalın sahibi olub.

Qalibə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının diplom və medalı təqdim olunub.

29 sentyabr 2024-cü il tarixində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlara yekun vurulub.

Yarışda 7 dövlət qurumundan 30-a yaxın əməkdaş kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda (K-1), kişi cütlüklər və qarışıq cütlüklər iki nəfərlik qayıqda (K-2) olmaqla öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən FHN-in 4 nəfərdən ibarət avarçəkmə üzrə komandasının əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Şəxsi yarışlar üzrə K-1 kateqoriyasında kişilər arasında Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Rüfət Əhmədov, qadınlar arasında Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın çempionu adını qazanıblar. Qarışıq cütlüklər arasında K-2 kateqoriyası üzrə də Rüfət Əhmədov və Leyla Əliyeva mübarizə apararaq gümüş medalın sahibi olublar. Kişi cütlüklər arasında keçirilən yarışda isə FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov və Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Əli Hacıyev yarışı üçüncü yerdə tamamlayıblar.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

Sentyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlar ilə görüşərək, qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.