16 noyabr 2017 00:15
1674

2018-ci ilin dövlət büdcəsi də sosialyönümlü olacaq

Azərbaycanda növbəti ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat çoxdur. 2018-ci ilin dövlət büdcəsinin xərcləri cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olmaqla mütləq ifadədə 20 milyard 906 milyon manat məbləğində proqnozlaşdırılır. Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olacaq. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət və icmal büdcələrdə bütövlükdə 487 milyon manat vəsait nəzərdə tutulur. Bu da cari illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur.

Milli Məclisin deputatı Cavid Osmanov qəzetimizə açıqlamasında bildirdi ki, 2018-ci il üçün nəzərdə tutulan büdcə layihəsi əsasən sosial yönümlüdür: “Layihəyə əsasən, bir çox sosial yönümlü investisiya layihələrinin yerinə yetirilməsi nəzərdə tutulur. Dövlət büdcəsinin həcmində artım da gözlənilir. Bu isə Azərbaycan iqtisadiyyatının artımı deməkdir. Davamlı iqtisadi inkişaf bu artıma imkan yaradır. Əlbəttə, həyata keçiriləcək olan layihələrin sayı gələn il daha çox olacaq.”

2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 651 milyon manat proqnozlaşdırıldığını qeyd edən C.Osmanov məlumat verdi ki, bu rəqəm 2017-ci illə müqayisədə 4 milyon manat çoxdur: “Qeyd edim ki, növbəti ildə ən böyük xərclər sosial, hərbi, elm və təhsil sahələri üçün nəzərdə tutulub. Qeyri-neft sektoru ölkəmizin əsas prioritetlərindən biri olaraq qalmaqdadır. Dövlət büdcəsinin gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Gələn il də rayon və şəhərlərin yerli xərcləri 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 milyon manat çoxdur. Növbəti il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi cari illə müqayisədə 4,4 faiz artaraq 29 faiz təşkil edəcək.”

Milli Məclisin deputatı vurğuladı ki, nəzərdə tutulan büdcə layihəsi ölkəmizin dayanıqlı inkişafına tam təminat verir. 2018-ci ilin də büdcəsi sosial büdcə olacaq: “Çünki 2018-ci ildə sosial yönümlü xərclərin tərkibində bəzi artımlar olacaq. Təqaüd və müavinətlərin, əmək haqlarının artımı nəzərdə tutulur. Sosial istiqamətdə investisiya layihələrinin artımı müşahidə ediləcək.”

Orxan Vahidoğlu, “İki sahil”