Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənmiş, yeni istehsal sahələri yaradılmış, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlmiş, ixrac qabiliyyəti artmışdır.
Dünyada geosiyasi gərginliklərin davam etməsi, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin və risklərin artmasışəraitində 2024-cü ilin yanvar-iyun aylarında da ölkə iqtisadiyyatında iqtisadi artım və şaxələnmə prosesləri davam etmiş, makroiqtisadi sabitlik hökm sürmüş, inflyasiyanın azalması meyilləri güclənmiş və ölkənin valyuta ehtiyatları artmışdır.
2024-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 59,5 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çox ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM-nin 65,2%-i qeyrineft-qaz sektorunun payına düşmüşdür. 2024-cü ilin birinci yarımilində əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri-neft-qaz sektorunda ÜDM 6,9% artaraq 38,8 milyard manat olmuşdur. Qeyri-neft-qaz sektorunda yaradılan ÜDM-nin 8,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 8,0%-i qeyri-neft-qaz sənayesi, 8,9%-i tikinti, 14,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 10,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7%-i informasiya və rabitə sahələrinin, 30,0%-i sosial və digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər isə 12,4% təşkil etmişdir.
2024-cü ilin yanvar-iyun aylarında tikinti sahəsində 18,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 10,3%, informasiya və rabitə sahəsində 12,2%, qeyri-neft-qaz sənayesində 7,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 3,3%, nəqliyyat və anbar təsərrüfatında isə 15,4% artım əldə olunmuşdur. Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayənin 62,5%-i və ya 4988,6 milyon manatı qeyri-neft-qaz sektorunun inkişafınasərf edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 4,5%-ivə ya 357,1 milyon manatı qeyri-neft-qaz sənayesinə yönəldilmişdir.
Qeyri-neft-qaz sektorunun gələcək inkişaf dövründə qeyri-neft sənayesinin şaxələndirilməsi və daha da inkişaf etdirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal ticarətin inkişafı və xidmət fəaliyyət növlərinin genişləndirilməsi, turizm sahəsinin bərpasının sürətləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən olunmuşdur.
Səlimə Ovçiyeva,
48 saylı məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü