16 noyabr 2017 00:14
775

TANAP Azərbaycan-Türkiyə enerji əməkdaşlığını pik həddinə çatdıracaq

Bu gün beynəlxalq əməkdaşlıq məkanına çevrilən Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal enerji bazarında ciddi rol oynayan ölkə kimi əhəmiyyətli mövqeyini möhkəmləndirməkdədir. Azərbaycanın təşəbbüsü, siyasi iradəsi və əzmi ilə reallaşdırılan nəhəng enerji layihələri Avropanın enerji təhlükəsizliyinin və mənbələrinin şaxələndirilmsəsində mühüm rol oynadığı kimi Türkiyənin enerji təhlükəsziliyi siyasətində “enerji ticarətində mərkəz ölkə olma” hədəfinə də ciddi təsir edəcək. Hazırda “Cənub Qaz Dəhlizi”nin seqmentlərindən olan TANAP bu strategiyanın uğur qazanmasına yönəldilən mühüm layihə kimi qiymətləndirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasiminə göndərdiyi təbrik məktubunda bütün bunlar xüsusi vurğulanmışdı: “Azəri-Çıraqlı-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması ilə bağlı Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. Hesab edirəm ki, gələn il TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq”.

Bugünlərdə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib ki, TANAP rəsmi Ankara və Bakı arasında siyasi və iqtisadi əlaqələri gücləndirməklə yanaşı, həm də Türkiyə üçün enerji təhlükəsizliyi baxımından çox önəmli layihədir.

Onun sözlərinə görə, Türkiyə üçün Azərbaycan qazı çox böyük əhəmiyyət kəsb edir: “Çünki Türkiyənin idxal etdiyi təbii qazın 50%-i Rusiyanın payına düşür. Bu da yetərincə böyük rəqəmdir. Düşünürəm ki, hökumət nail olmaq istədiyi enerji mənbələrinin şaxələndirilməsini və enerji təhlükəsizliyimizi təmin edəcək”.

M.Bərbər həmçinin bəyan edib ki, Azərbaycan qazının Avropaya nəqli rəsmi Ankara və Bakının iradəsini nümayiş etdirir: “Avropanın illərdir müzakirə etdiyi, lakin həyata keçirə bilmədiyi layihəni Azərbaycanla Türkiyə birgə həyata keçirə bildi”.

“Cənub Qaz Dəhlizi” marşrutunun mühüm seqmentlərindən biri olan TANAP layihəsini reallaşdırmaq məqsədilə 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişə imza atılıb.  TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz Boru Kəmərini Avropa Birliyi ölkələrinə xidmət edən bir neçə kəmərlə əlaqələndirəcək. Layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlkin dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr qazın 10 milyard  kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.

Dünyanın aparıcı maliyyə qurumları bu nəhəng layihəyə maliyyə dəstəyini getdikcə gücləndirirlər. Bir müddət bundan əvvəl TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmış kredit xətti üzrə  146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən ayrılmış kredit xətti üzrə 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub. Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayrılıb. Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 milyon ABŞ dolları sindikatlasdırılmış kredit üzrə zəmanətin verilməsinə qərar verilib.  

Zahid Rza, “İki sahil”