Son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar ölkənin ümumi sosial-iqtisadi mənzərəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Bu sözləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib.
İqtisadi artımın 4,3 faiz təşkil etdiyini söyləyən dövlət başçısı bildirib: “Dünyada gedən bugünkü prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”.
Bu prosesin nəticəsində əhalinin rifah halı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Neft-qaz sektorunda hasilatın azalmasına baxmayaraq, iqtisadi artım, xüsusilə qeyri-neft-qaz sektorunda, müsbət dinamikasını qoruyub. Pandemiya sonrası dövrdə belə, iqtisadi artım davam edib ki, bu da dövlətin büdcə xərclərinin genişlənməsi, sahibkarlığa dəstək, sənayenin inkişafı və investisiyaların təşviqi kimi struktur islahatlarının uğurlu icrasının nəticəsidir.
İqtisadi artım
2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80960,3 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2%, qeyri-neft-qaz sektorunda isə 7,0% artıb.
ÜDM istehsalının 37,9%-i sənaye, 9,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,0%-i nəqliyyat və anbar təsərrüfatı, 6,1%-i tikinti, 6,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrində formalaşıb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 10,1%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 7941,3 manata bərabərdir.
2024-cü il üçün iqtisadi proqnozlar
İqtisadiyyat Nazirliyinin məlumatlarına əsasən, 2024-cü il üçün ölkənin real ÜDM-nin 2,4% artaraq 118,4 milyard manata çatacağı gözlənilir. Qeyri-neft sektorunun ÜDM-də payı isə 4,6% artaraq 84,2 milyard manata çatacaq. Bu proqnozlar iqtisadiyyatın qeyri-neft sektorunda artımın davam edəcəyini və iqtisadi diversifikasiyanın güclənəcəyini göstərir.
Azərbaycan Mərkəzi Bankı isə 2024-cü il üçün real iqtisadi artım tempini 3-3,5% səviyyəsində proqnozlaşdırır. Qeyri-neft-qaz sektorundakı artımın isə 5-5,5% aralığında olacağı gözlənilir. Bu göstəricilər Azərbaycanın gələcək iqtisadi inkişafının əsas gücünün qeyri-neft sektorundan gələcəyini və dövlət siyasətinin iqtisadiyyatın şaxələnməsinə yönəldiyini bir daha təsdiq edir.
Beynəlxalq proqnozlar
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın 2024-cü il üçün iqtisadi artım proqnozunu 1,5 faiz bəndi artıraraq 2,7%-ə çatdırıb. Bankın sentyabr ayında yayımladığı "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatında bu il üçün iqtisadi artım proqnozu 1,2% səviyyəsində müəyyən edilmişdi. Bankın analitikləri qeyd edirlər ki, bu artımın əsas səbəbləri qeyri-neft sektorundakı inkişaf, dövlət xərclərinin genişlənməsi və investisiyaların artmasıdır.
Azərbaycanın iqtisadi gücü yalnız daxili inkişafla məhdudlaşmır. Ölkənin neft və qaz sektoru regionda və beynəlxalq arenada strateji əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın qaz ixrac coğrafiyası səkkiz ölkəni əhatə edir ki, bunun da yeddisi Avropa ölkələridir.
Azərbaycanın bu uğurları ölkəmizin geosiyasi mövqeyini gücləndirir və regionda strateji layihələrin həyata keçirilməsində mühüm iştirakçılar sırasında yer almasını təmin edir. Azərbaycanın sabit və güclü iqtisadiyyatı, münbit investisiya mühiti, habelə enerji strategiyasının uğurlu icrası ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirir.
2024-cü ildəAzərbaycanın iqtisadiyyatı mühüm dəyişikliklərə məruz qalaraq neft-qaz sektoruna bağlılıqdan tədricən azad olmağa doğru inkişaf edib. Dövlətin həyata keçirdiyi struktur islahatlar, büdcə xərclərinin artırılması, investisiya təşviqi və qeyri-neft sektorunun gücləndirilməsi bu prosesin əsas drayverləri olub. 2024-cü il üçün verilən iqtisadi proqnozlar, o cümlədən ADB-nin proqnozları, ölkəmizin gələcək inkişafının müsbət istiqamətdə davam edəcəyini və beynəlxalq aləmdə Azərbaycanın rolunun daha da güclənəcəyini göstərir.
Günel Məmmədova,
Humanitar fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü