Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo niyə özünü yuyulmamış çömçə kimi ortaya atıb?
İqlim dəyişikliyi ilə bağlı COP29 qlobal tədbiri ərəfəsində erməni lobbiçilərinin və digər maraqlı tərəflərin maliyyə dəstəyi ilə Azərbaycan əleyhinə qarayaxma kampaniyası güclənib. Hər gün ölkəmizə qarşı ortalama 10-a yaxın yazı dərc olunur ki, bu yazılarda Azərbaycan az qala, dünyada baş verə biləcək bütün bəlalarda ittiham olunur. O sırada guya neft ölkəsində belə bir sammitin keçirilməsinin məntiqli olmadığı fikri tirajlanmaqdadır. Təzyiqlərin, həmçinin Bakıda saxlanılan erməni cani-quldurlarına azadlıq tələbi fonunda edilməsi diqqət çəkməkdədir. “Vardanyana və Arsaxa azadlıq”dan tutmuş, “siyasi məhbus” və sair mövzulara qədər paylaşımlar edilir. Kimlərsə bu kampaniya ilə işğalçı Ermənistanı, erməni cinayətkarlarını haqlı çıxarmaq üçün çapalayır. Sözsüz ki, bu təxribatların arxasında dünya erməniləri dayanır. Eyni zamanda, bu, bütün istiqamətlərdə Azərbaycanın nüfuzuna xələl gətirmək, gələcək uğurlarının qarşısını almaq üçün edilən cəhdlərdir. Ermənistan və onun havadarları güclü Azərbaycanı həzm edə bilmir. COP29-un Azərbaycanın gücünə güc qatacağını, siyasi təsir imkanlarını artıracağını, dostlarının əhatəsini genişləndirəcəyini bilirlər. Məhz, bu səbəbdən də həmin qüvvələr Azərbaycanda həbsdə olan erməni separatçılarının hüquqlarını müdafiə etmək adı ilə məsələni qabartmağa, müxtəlif amillər üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq imkanlarını işə salmağa çalışırlar.
Bu prosesin başında dayananlardan biri də Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq (2003-2012) prokuroru Luis Moreno Okampodur. Həmin bu Okampo ötən ay Ermənistana səfər edib. Səfər ABŞ-da fəaliyyət göstərən Həqiqət və Ədalət Mərkəzinin və bütün ermənilərin katolikosu II Qareginin dəvəti ilə baş tutub. Sentyabrın 13-də İrəvandakı “İBİS” hotelində Okampo ilə açıq görüş keçirilib. Görüş “Erməni məhbuslara azadlıq” təşəbbüsü tərəfindən təşkil olunub. Görüşdə Okampo bir çox məsələlərlə bağlı danışsa da və ermənilərə, necə deyərlər, canıyananlıq edərək xeyli məsləhətlər versə də, diqqəti əsasən Azərbaycanda separatçılıq əməlləri törətdikləri üçün həbs edilmiş xunta rejiminin sabiq “qlavar”larının azad olunmasına yönəldib. Təxminən iki saat davam edən açıq görüşdə argentinalı dələduz “beynəlxalq ədalətə nail olmaq və artsax ermənilərinin geri qayıtmaq hüququnu təmin etmək üçün” ermənilərin əlində rəhbər tuta biləcəyi “yol xəritəsini” təqdim edib. “Erməni hərbi əsirlər” adlandırdığı şəxslərin sərbəst buraxılması üçün Azərbaycana təzyiq göstərməyin mümkün yollarından danışıb. Xaricdəki erməni diasporundan külli miqdarda pul aldığı heç kəsdə şübhə doğurmayan Okampo deyib ki, bir neçə ay əvvəl internetdə başlatdığı “erməni məhbuslar”ın azad edilməsi kampaniyası kifayət qədər uğurlu olub. “Bu kampaniyanı 32 ölkədən olan ermənilər dəstəklədi, mən ilk dəfə beynəlxalq səviyyədə əməkdaşlıq gördüm” deyən sabiq prokurorun sözlərinə görə, hərəkata təkcə ermənilər deyil, akademik mühitin, universitetlərin nümayəndələri də qoşulublar. O, təklif edib ki, bütün dünya erməniləri öz hökumətlərinə müraciət edərək Azərbaycana təzyiq göstərməyə çağırsınlar və separatçı “qlavar”ların azad edilməsinə nail olsunlar: “Bu, mühüm siyasi proses ola bilər və iqlim konfransı beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün əsas məqamdır”.
Beynəlxalq hüquqa gəldikdə isə Okampo lap ağ edib. Onun sözlərinə görə, beynəlxalq hüquq da ermənilərin tərəfindədir. Eyni zamanda, sabiq prokuror Qarabağın erməni əhalisinin hüquqlarının qorunmasının vacibliyini vurğulayıb və onun İrəvanda başlarını girləyən hazırkı “qlavarlar”ına geri dönüş planının işlənib hazırlanmasında, eləcə də onların hüquqlarının Azərbaycan tərəfindən tanınması ilə bağlı danışıqlarda öz yardımını təklif edib. Başabəla hüquqşünasın fikrincə, 2024-cü il noyabrın 11-22-də paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Qarabağ ermənilərin hüquqlarının dəstəklənməsi baxımından beynəlxalq ictimaiyyət üçün ciddi sınaq olacaq. Ümumiyyətlə, COP29 xaricdəki bir çox Azərbaycanofob və islamofob şəxslər kimi, Okampo üçün də göydəndüşmə fürsət kimi görünür. Xaricdəki varlı-hallı ermənilərin pul kisəsindən asılı olduğu heç kimdə şübhə doğurmayan biri kimi Okampo da ortalığa atılaraq hələ də istifadəyə yararlı olduğunu sübut etməyə, daha çox vəsait qoparmağa çalışır. Okampo aldığı pulların əvəzini ödəmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. BMT-nin iqlim konfransını siyasiləşdirərək, onu “erməni məhbuslar”ın azad edilməsi üçün görünməmiş şans hesab etdiyini bildirir.
Okamponun qeyd etdiyi bir sıra məsələlərə aydınlıq gətirək. İlk növbədə beynəlxalq hüquq üzrə mütəxəssis olan bu şəxsin diqqətinə çatdırmaq istəyirik ki, Qarabağın həm dağlıq, həm də aran hissəsi beynəlxalq hüquqa görə, eləcə də tarixən Azərbaycan torpağıdır. Ermənistan 1990-cı illərinin əvvəllərində bu əraziləri silahlı müdaxilə yolu ilə işğal etməyə nail olmuşdu. Amma elə rayonlarımızın bir-birinin ardınca işğal edildiyi 1993-cü ildə aparıcı beynəlxalq orqan olan BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdi. İndi İrəvanda əyləşib ermənilərə moizə oxuyan Okampo yaxşı bilir ki, Ermənistan 30 ilə yaxın dövr ərzində bu qətnamələri icra etmədi. Ölkəmiz 2020-ci ildə Vətən müharibəsinə başlayanda məhz BMT TŞ-nin 4 məlum qətnaməsinə, habelə bir sıra beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdikləri sənədlərə və tarixi gerçəkliyə istinad edirdi. Nəticədə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Fransa və bir neçə qatı ermənipərəst ölkə istisna olmaqla, dünya dövlətləri tərəfindən normal qarşılandı. Çünki Azərbaycan məhz beynəlxalq hüquqa uyğun hərəkət etmişdi. O beynəlxalq hüquqa ki, Okampo ondan tez-tez bəhs edir. Ermənistan parlamentinin sədri Alen Simonyan isə bugünlərdə bildirmişdi ki, “erməni məhbuslar”ın qaytarılması məsələsi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yoxdur. Bundan əlavə o, Ermənistanın COP29-da iştirakının şərti kimi “qlavar”ların qaytarılması məsələsini irəli sürməsi ehtimalını tamamilə rədd etmişdi. Göründüyü kimi, Ermənistan hökumətinin özü separatçı “qlavar”larla bağlı belə bir mövqe tutduğu halda, Okampo kimilər ortaya düşərək yalandan canfəşanlıq edirlər.
Danılmaz faktdır ki, bu gün Azərbaycanda həbsdə olan işğalçı Ermənistan ordusuna məxsus məhbuslar ciddi faktlar əsasında məhkəmədə ittiham olunub, konkret cəzalarını alıblar. Burada hansısa “siyasi əsir”dən söhbət gedə bilməz. Ortada faktlar, haqq, hüquq var. Azərbaycan da bir dövlət olaraq öz təhlükəsizliyini təmin etmək üçün hüquqi proseduru ortaya qoyub. Ona görə də bu məsələyə heç bir dövlət qarışa bilməz. Separatçıların, onların quldur başçılarının həbsdən azad olunması iddiası açıq şəkildə Azərbaycan dövləti və cəmiyyətinə qarşı cinayət xarakteri daşıyır. Bunun üçün yüzlərlə dəlil, faktlar var. Bu erməni məhbusların əlləri ilə öldürülən minlərlə insan, evlərindən didərgin salınan ailələr var. Ona görə də heç bir sosial media, heç bir kriminal maliyyə və şəbəkələr, heç bir siyasi iddialar bu məsələdə Azərbaycan dövlətinin, onun başçısının iradəsinə təsir edə bilməz. Hər kəs etdiklərinin bədəlini ödəməlidir. Heç kəs üç-dörd erməni və kriminal şəbəkələrin maliyyəsi ilə məsuliyyətdən qaça bilməz.
Sevinc Azadi, “İki sahil”