01 oktyabr 2024 17:40
344

Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb - Mahir Emreli

“Uzun müddətdən sonra xüsusilə əsas heyətdə meydana çıxmaq çox xoş hiss idi. Açığı, bu anları yaşamaq üçün darıxmışdım”.

“İki sahil” xəbər verir ki,  bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubunun heyətində Almaniyanın II Bundesliqasında “Hannover”ə qarşı matçda meydana start heyətində çıxması barədə danışarkən deyib.

Almaniya çempionatında ümumilikdə 2 oyun keçirən hücumçu optimal formaya qayıtmaq üçün zamana ehtiyacı olduğunu söyləyib: “Çalışıram ki, oyundan-oyuna performansımı artırım, özümü yaxşı tərəfdən göstərim. Komandama kömək edə bilmək üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, formamı bərpa edib daha çox oyun şansı qazanaram”.

M.Emrelinin sözlərinə görə, məşqçilər heyəti "Hannover"ə səfərdə 2:0 hesabı ilə uduzduqları görüşdən sonra onun çıxışından razı qaldığını bildirib: “Baş məşqçimiz Miroslav Kloze ilə ünsiyyətimiz olmadı. Amma məşqçilər heyəti ümumi razılığını bildirdi. Zədədən sonra yeni-yeni bərpa olunmağa başlamışam. İkinci matçım idi. Məşqçilərin tapşırıqlarını yerinə yetirməyə, qoyulan tələblərə əməl etməyə çalışıram. Oyun nizam-intizamını da qoruyub saxlayıram. Kloze kimi əfsanəvi futbolçu ilə işləmək çox xoşdur. O da mənim kimi hücumçu mövqeyində çıxış edib. Hər birimiz onun təcrübələrindən yararlanırıq. Əldə etdiyimiz təcrübəni meydanda da göstərmək istəyirik. Son iki oyunda məğlub olmuşuq. Ona görə də məqsədimiz növbəti qarşılaşmalarda qələbə qazanmaqdır”.

O, “Hannover”lə matçdan öncə iki komanda yoldaşı ilə mübahisə etməsi barədə Almaniya mətbuatında yayılan xəbərlərə də aydınlıq gətirib: “Almaniya mətbuatında tez-tez dezinformasiyalara rast gəlmək mümkündür. Bunu təkcə mən yox, yerli əhali də deyir. Onların sözlərinə görə, alman mətbuatında yayılan xəbərlərin yalnız 20-30 faizi doğru olur. Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb. Yəqin, kiçik bir məsələni böyüdərək sensasiya yaratmaq istəyiblər. Futbol oynayanda istər-istəməz emosiyalar olur. Çünki burada qalib gəlmək də, uduzmaq da var. Məğlubiyyət olanda kimsə əsəbləşə, bir-birinə sataşa bilər. Lakin bu, ancaq meydan daxilində baş verir. Heç bir söhbəti meydandan kənara daşımırıq. Bütün komandalarda belə olur. Nə olursa olsun dava yolverilməzdir. Həmçinin mən kluba yeni gəlmişəm. Hazırda kollektivə uyğunlaşmağa çalışıram. Doğru olmayan məlumatları yaymadan öncə dəqiqləşdirmək lazımdır. Çünki saxta xəbərlərin yayılması həm idmançıya, həm də komandaya ziyan verir. Biz dezinformasiyalara çox da fikir vermirik. Düşünürəm ki, bunlar o qədər də önəmli məsələlər deyil”.

Qeyd edək ki, “Nürnberq” 7 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.