Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 3 oktyabr tarixinə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın mütləq əksəriyyətinin etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ümummilli Liderə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək yeganə şəxs məhz Heydər Əliyevdir.
Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu dönəmdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil, gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri ölkəmizə sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Dahi Liderin beynəlxalq arenadakı şəxsi nüfuzu bütün tərəddüdlərə son qoydu. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş Azərbaycanın gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb. Heydər Əliyev yaxşı bilirdi ki, güclü ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Bir müddət sonra Ermənistan-Azərbaycan, Qarabağ məsələsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya müzəffər Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.
Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun misilsiz xidmətləri Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 21 ildə bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanıb. Cənab İlham Əliyevin uğurlu fəaliyyətində ən mühüm məqamlarından biri ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olmasıdır. Bu kontekstdə hazırda əsas hədəflərdən biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun tezliklə yüksək səviyyədə bərpa olunmasıdır. Azərbaycan yeni təcrübələrin tətbiqində maraqlı olduğunu bərpa-quruculuq işlərində həyata keçirdiyi böyük layihələrlə təsdiqləyir. Bərpa işləri keçmiş köçkünlərin mərhələ-mərhələ bu torpaqlara qayıdışı ilə müşayiət olunur.
Sentyabrın 26-da Cəbrayıl da dogma sakinlərinə qovuşan şəhərlərimiz sırasına daxil oldu. Artıq 5 şəhərə və 4 kəndə keçmiş köçkünlərin qayıdışı reallaşıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, məhz bu gün - oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində və yataqxanalarda məskunlaşıblar. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. 2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını ucaldıb.
Hazırda işğaldan azad olunan bütün ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da böyük abadlıq-quruculuq müşahidə olunur. Rayon ərazisində bir çox infrastruktur layihələri reallaşdırılır, burada yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında çoxsaylı müəssisələr inşa edilir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə tez bir zamanda Qarabağ və Şərqi Zəngəzurun dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyindən xəbər verir.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı