03 oktyabr 2024 16:03
550

COP29 “yaşıl” maliyyələşdirməyə zəruri təkan verəcək - Cavid Quliyev

COP29 “yaşıl” maliyyələşdirməyə zəruri təkan verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “PAŞA Bank”ın Baş icraçı direktoru və İdarə heyətinin sədri Cavid Quliyev ADA Universitetində keçirilən "Özəl maliyyələşdirmə üçün şəraitin yaradılması" mövzusunda dəyirmi masada bildirib.

"COP29 "yaşıl" maliyyələşdirməyə zəruri təkan verəcək və onu təkcə iri korporasiyalar və dövlət şirkətləri üçün deyil, kiçik və orta biznes üçün də daha əlçatan edəcək", - o qeyd edib.

C.Quliyevin sözlərinə görə, Azərbaycanın bank sektoru artıq uzun müddətdir ki, "yaşıl" maliyyələşdirmənin dəstəklənməsi ilə fəal şəkildə məşğul olur.

"Məsələn, bank sektoru ekoloji təmiz nəqliyyatın alınması üçün sərfəli şərait yaradır. Məlum olduğu kimi, COP29 ərəfəsində Bakının küçələrinə çıxacaq xeyli sayda yeni elektrobuslar alınıb. Kənd təsərrüfatına diqqət yetirsək, bank sektorunun damcılı suvarma kimi texnoloji həllərin maliyyələşdirilməsinə dəstək verdiyini görərik. Hazırda damcılı suvarma yalnız mühüm bir təcrübə deyil, həm də ölkənin yaşadığı su qıtlığı şəraitində şirkətlər üçün məcburi hüquqi tələbdir", - o əlavə edib.

C.Quliyev bildirib ki, ölkədə normativ-hüquqi baza inkişaf edir və bu, maliyyə institutlarına, xüsusilə banklara, “yaşıl” maliyyələşdirməni daha effektiv şəkildə dəstəkləməyə və mobilizasiya etməyə kömək edir.