Azərbaycan regionun və Avropanın enerji xəritəsinin zənginləşdirilməsində mühüm rol oynayan, müstəqil iqtisadi siyasət yürüdən bir ölkə olaraq “Cənub Qaz Dəhlizi” marşrutunun mühüm seqmentlərindən olan TANAP və TAP, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir.
XXI əsrin layihəsi adlandırılan, Avrasiyanın enerji xəritəsinin zənginləşməsində strateji rol oynayan “Cənub Qaz Dəhlizi”nin uğurla reallaşdırılması bunun bariz nümunəsidir. Avropa ilə Asiyanın qovşağında yerləşən, mühüm geostrateji mövqeyə malik olan Azərbaycanın təşəbbüskarı və fəal icraçısı olduğu nəhəng nəqliyyat-kommunikasiya layihələri region ölkələrinin əməkdaşlıq münasibətlərinin möhkəmləndirməklə yanaşı, həm də onların Asiya və Avropa ölkələri ilə iqtisadi- ticari əlaqələrinin səmərəliliyini daha da artıracaq.
Ümummilli lider Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra 2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Prezident İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimindəki nitqində bildirib ki, yeni müqavilədəki əsas şərtlər göstərir ki, Azərbaycanın gələcək inkişafı, ölkəmizin maliyyə imkanlarının genişləndirilməsi üçün bu Sazişin çox böyük əhəmiyyəti var. Ölkəmizin başçısı eyni zamanda onu da qeyd edib ki, 23 il ərzində sazişin icrası da çox uğurlu olub. Bu gün abadlaşan bölgələrimiz, inkişaf edən, Bakı şəhəri-dünyanın ən gözəl şəhərlərindən biridir. İndiyə qədər 3 mindən artıq məktəbin, 600-dən çox xəstəxananın, bölgələrdə 50-dən çox olimpiya mərkəzinin tikilməsinin, inşa edilən 11 min kilometrədən çox yollar, enerji infrastrukturu, iqtisadi inkişaf, iqtisadiyyatın şaxələndirilməsi-bütün bunların təməlində respublikamızda neftdən əldə edilən gəlirlərdən səmərəli istifadəetmə imkanları dayanır.
“Cənub Qaz Dəhlizi” mühüm iqtisadi layihə olmaqla yanaşı, həm də çox mürəkkəb qurğudur. Hazırda bu layihənin illik gücünün 24 milyard kubmetrədək artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. İlkin qazın 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, dənizin 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri uğurla həyata keçirilir
Avropa İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Yankauskas bildirib ki, enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşması nəinki Azərbaycanla Avropa İttifaqı, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək.
Ölkəmizin başçısı Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında bildirib ki, hazırda yeni layihələr üzərində işlər görülür: “Bildiyiniz kimi, “Cənub Qaz Dəhlizi” uğurla icra edilir. Bu da dünya miqyasında nəhəng layihədir. Sərmayə qoyuluşu 40 milyard dollara bərabərdir və bütün işlər qrafik üzrə gedir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilibdir. Beləliklə, biz “Cənub Qaz Dəhlizi” layihəsini də uğurla icra edirik, əminəm ki, tam icra edəcəyik”.
Zahid Rza, “İki sahil”