10 oktyabr 2024 01:26
352

Riyakarlığın və ikiüzlülüyün son həddi...

Bu riyakar siyasət torpaqlarımız işğal altında olduğu 30 ildə Azərbaycanı mövcud reallıqla barışdırmağa hesablanmışdısa, bu gün həmin ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərini həzm edə bilməməkdə ifadə olunur

Son zamanlar respublikamıza xain hücumların artmasına səbəb isə şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzunun, ölkəmizə böyük inamın və etimadın göstəricisi olan COP29-la bağlıdır. Bütün bunların arxasında isə erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin dayanması şəksizdir. Azərbaycan işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra başda ABŞ olmaqla Fransa kimi Qərb dövlətləri Ermənistana maddi və silah yardımı etməklə Qafqazda yenidən münaqişə ocağı yaratmaq istəyirlər. COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələri Azərbaycana qarşı təzyiqləri və hücumları daha da gücləndirir. "Amnesty International" və "Human Rights Watch" təşkilatları eyni gündə yaydıqları bəyanatda Azərbaycanın COP29-a ev sahibliyindən qıcıqlanaraq ölkəmizə qarşı böhtanlar və əsassız tələblər irəli sürüblər. Bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayaraq bildirib ki, bu bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların sözügedən hər iki təşkilata nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu bir daha göstərir: “Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında icmamızın "Amnesty International" və "Human Rights Watch"a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduqlarını göstərir. Bütün bunlar "Amnesty International" və "Human Rights Watch"un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik və dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir.  Biz "Amnesty International" və "Human Rights Watch"un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq".

Göründüyü kimi,  Qərbin Azərbaycana qarşı riyakar siyasəti davam etməkdədir. Bu riyakar siyasət torpaqlarımız işğal altında olduğu 30 ildə Azərbaycanı mövcud reallıqla barışdırmağa hesablanmışdısa, bu gün  həmin ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərinin həzm edə bilməməkdə ifadə olunur.

Qərb, əsasən də Amerika Birləşmiş Ştatları Azərbaycana daim ikili standartlarla yanaşıb, zaman- zaman riyakar siyasət həyata keçiriblər. Məlumdur ki, 1992- 1993-cü ilin əvvəllərində Ermənistan Azərbaycan torpaqlarının 20 %- ni işğal etmişdi. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var idi. Bütün bunlarla yanaşı, ermənilər işğal etdikləri Azərbaycan şəhərlərini, kənd və qəsəbələrini də viran etmişdilər. Heç vaxt nə ABŞ, nə də digər Qərb dövlətləri bunu qınamadılar. Heç vaxt Azərbaycan həqiqətlərini qəbul etmədilər, əksinə, hər zaman Ermənistanı dəstəkləyirdilər. Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq yardım göstərilmədi, dəstək verilmədi. Azərbaycanın torpaqları işğal olunduğu halda Ermənistana işğalçı dövlət kimi sanksiya tətbiq etmədilər, işğala göz yumdular. Lakin indi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər, bu ölkəyə silah və maddi yardım edirlər. Ukraynanın ərazisinin işğal olunduğunu bəyan edirlər. Azərbaycanın torpaqları işğal olunan zaman onlar harada idilər görəsən?

Ermənistanın işğal altında saxladığı ərazilərimizdəki bütün maddi-mədəni irsimizi viran qoyması Qərbin gözü qarşısında baş verirdi. Amma bizi alçaldıcı sülhə dəvət edənlər ermənilərə güldən ağır bir söz demirdilər. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. O cümlədən işğaldan azad etdiyimiz əraziləri yenidən qurub bərpa edirik və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq. Amma torpaqlarımız işğal altında olduğu dövrdə bizi işğalla barışdırmaq istəyənlər bu gün isə öz suverən ərazilərimizdə apardığımız quruculuq işlərini həzm edə bilmirlər. Onlar suverenliyimizin bərpasını belə həzm edə bilmir və Azərbaycanın öz gücü ilə suverenliyini necə bərpa etdiyini düşünürlər. Ona görə də Ermənistanı sürətlə silahlandırır və ABŞ-ın Azərbaycana sanksiyalar tətbiq etmək planları üzərində işləyirlər.

Hətta sülh müqaviləsindən danışan ABŞ Dövlət katibi sanksiyalarla bağlı məktublar hazırlayır. Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir. Yəni, beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyündən danışanlar Azərbaycana çatanda bu məsələləri unudur və ölkəmizə təzyiq göstərərək cinayətkar Ermənistana haqq qazandırmağa çalışırlar. ABŞ özü istəyəndə sanksiyalar tətbiq edir və onları ləğv edir.

Hansısa bir erməninin Qarabağdan könüllü köçüb getməsinə görə ciddi “narahatlıq” keçirən  Amerika rəsmiləri, xüsusilə konqresmenləri 30 il erməni separatçılarının darmadağın etdiyi Qarabağın bərpasına, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə ötən 4 il ərzində heç bir vəsait, yardım ayırmayıb. Əslində müharibədən, işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycana beynəlxalq birlik, xüsusilə Qərb dövlətləri və təsisatları  ciddi yardım göstərməlidirlər.  Çünki Ermənistan beynəlxalq cinayət törədərək işğal dövründə ərazilərimizdə hər şeyi məhv edib. Həmin ərazilərin bərpası üçün milyardlarla dollar vəsait tələb olunur. Lakin humanizmdən danışan Qərb ölkələri, xüsusilə ABŞ ölkəmizə bu məsələdə də heç bir kömək etmir. Əksinə, ABŞ konqresmenləri könüllü surətdə Qarabağı tərk edən ermənilərə yardım üçün canfəşanlıq edir, işğaldan əziyyət çəkən Azərbaycanı isə sanksiyalarla hədələyirlər. Bunun adı isə riyakarlıq, ikiüzlülükdür. Məhz bu səbəblərdən ölkəmiz ədalətsizliklə üz-üzə qalıb. Əslində ölkəmizin heç kimin yardımına ehtiyacı yoxdur. Sadəcə, söhbət reallıqlara ədalətsiz yanaşmadan gedir. Azərbaycan güclü, müstəqil dövlətdir. Hər bir addımını öz gücünə, imkanlarına arxalanaraq atır.

Şəmsiyyə Əliqızı, “İkisahil”