10 oktyabr 2024 15:36
374

Pre-COP29 çərçivəsində “Troyka ölkələrinin 1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusu müzakirə edilib

Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcəyini deyib: “Belə ki, bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya və gənclərlə bağlı tədbir olacaq. Biz ambisiyaları genişləndirməli, ölkələrə istixana qazlarını azaltmalarına imkan yaratmalıyıq. Şəffaflıq inam və etibar quruculuğu istiqamətində vacib addımdır. Bizim fəaliyyətimiz koordinasiyalı olmalı, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə cəlb etməliyik. Bizim fəaliyyətimiz iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasına hesablanmalıdır. İqlim dəyişmələri ilə mübarizə fondunun yaradılması dövlət və özəl tərəfləri bir araya gətirəcək”.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un iqlim dəyişmələri problemində praktiki həllər tapmağa imkan yaratdığını diqqətə çatdırıb: “Düşünürəm ki, COP29 bu istiqamətdə həlledici rol oynayacaq. Biz təcrübələrlə yanaşı, eyni zamanda, geniş tərəfdaşlıqlar qurub, mövcud tərəfdaşlıqları inkişaf etdirəcəyik. Dayanıqlı gələcək qurmaq, 1,5 planına sadiq qalmaq bizim əsas hədəfimizdir”.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in Prezidenti Sultan Əl Cəbir deyib: “COP29 ekologiyanın qorunması istiqamətində harmoniya yaratmalı, bir körpü rolu oynamalıdır. Düşünürəm ki, burada müzakirə olunan səylər öz bəhrəsini verəcək. Dünyanın ən böyük iqlim üzrə tədbiri hər bir ölkənin üzərinə düşən işləri açıq şəkildə müzakirə etməyə şərait yaradır. Beynəlxalq əməkdaşlıq hər bir səviyyədə mühümdür. Bu əməkdaşlıq çərçivəsində qabaqcıl təcrübələri paylaşmalı, texnologiyaları tətbiq etməliyik. İnvestisiyalar karbonsuzlaşmağa yatırılmalıdır. Biz real iqlim dözümlülüyü yaradırıq və karbon qazının azaldılması istiqamətdə addımlar atırıq”.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil qeyd edib ki, hər hansı bir işdə nəticə əldə etmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür: “Biz COP29 çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yeni həll yolları tapmaq istəyirik. COP29 yeni həll yolları tapmaq üçün stimullaşdırıcı rol oynamalıdır. Paris Sazişində qeyd olunanlar bütün ölkələrin gələcək ekologiya siyasəti üçün xəritədir. Düşünürəm ki, Azərbaycanda keçirilən COP29 bu xəritəyə işıq tutacaq”.

Braziliyanın Xarici İşlər Nazirliyinin İqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea do Laqo deyib: “Müşahidələr göstərir ki, çətin durumdayıq, ciddi parçalanma, pərakəndəlik var. Lakin gələcək üçün addım atmalı, çoxtərəfliliyi təşviq etməliyik. Biz BƏƏ konsensusunu qiymətləndirir, Bakıdan yüksək nəticə gözləyirik. Braziliya çoxtərəfli legitimliyə inanır. Odur ki, beynəlxalq əməkdaşlıq istiqamətlində bizə güvənə bilərsiniz. Ümumilikdə, gördüyümüz işlər çoxtərəfliliyi təşviq etməlidir”.

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstranın sözlərinə görə, geosiyasi problemlər çox mürəkkəb məsələdir, ancaq bu, bəhanə ola bilməz: “Dubayda əldə olunan nailiyyətlər genişləndirilməlidir. Bizim 2050-ci ilədək xalis sıfır karbon emissiyasına nail olmaq məqsədimiz var. Bu sahədə elmi araşdırmalar üçün digər ölkələrə dəstək olmaq vacibdir. Bir sıra layihələr var ki, bunların icrası mütəxəssislərin iştirakı ilə sürətləndirilməlidir. İqlim dəyişikliyinin Yer kürəsinə təsiri və ölkələrin bu istiqamətdə görməli olduğu işlər müzakirə olunmalıdır. Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaq istəyirik”.

BMT Baş katibinin birinci müavini Amina Mohammed qeyd edib ki, COP29 kollektiv məqsədin müəyyənləşdirilməsi istiqamətində bir testdir: “Dünyanın belə tədbirlərə böyük ehtiyacı var. Qlobal dünya bacardığımızı görməlidir. Qarşıdakı aylar çox önəmlidir. Cəsarətli olmalı, fəaliyyəti gücləndirməliyik. Geriyə yol yoxdur, yalnız irəli gedəcəyik. Troyka bizdən NDC ilə bağlı koordinasiya olunmuş dəstək tələb edir. Biz lazım olan dəstəyi üzərimizə götürməklə bağlı tələb edirik ki, bütün sektorlar hökumət səviyyəsində əməkdaşlıq etsinlər. Bütün tərəfdaşları dəstək göstərmək üçün bizə qoşulmağa səsləyirəm. Bizim vaxtımız tükənir. Beynəlxalq ictimaiyyət olaraq öhdəliklər götürmüşük. Biz milli öhdəliklərin yerinə yetirilməsinə baxacağıq. Troyka çərçivəsində milli öhdəliklərin necə həyata keçirilməsini monitorinq etmək və milli iqtisadiyyatlardakı dəyişiklikləri izləmək niyyətindəyik”.

Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yen beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb: “İqlim dəyişmələri məqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar. Eyni zamanda, innovativ maliyyələrin cəlbinə ehtiyac var. Biz bu məsələdə israrlıyıq. Eyni zamanda karbonsuzlaşdırma layihələri ilə bağlı özəl şirkətləri də cəlb etməliyik”.

COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib: “Tərəflərin Paris Sazişinin şərtlərinə əməl etməsi üçün onlara dəstək göstərmək vacibdir. Biz prosesin inklüziv şəkildə həyata keçirilməsinə imkan yaratmalıyıq. Regionlar və şəhərlər ambisiyalarını genişləndirə, vətəndaş cəmiyyətləri və yerli icmalar milli iqlim dəyişikliyi planlarının icrasına çox böyük töhfə verə bilərlər. Biz gələcək nəsillərə təmiz və sağlam gələcək ötürmək istəyirik. Yeni imkanların yaradılması bizim üçün olduqca vacibdir. İqlim dəyişikliyi ilə mübarizədə dövlət və özəl sektor tərəfdaşlığı çox önəmlidir. Bəzi sahələr var ki, orada əməkdaşlıq bizim üçün çox önəmlidir”.

Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının baş katibinin xüsusi müşaviri Firdaous Oussidhoum iqlim dəyişikliyinin fəsadları barədə danışıb: “İqlim dəyişikliyinin fəsadları sərhədləri aşır. Ölkələr artıq düzgün strategiya yaratmalıdırlar. iqlim probleminin həlli beynəlxalq əməkdaşlıq ilə mümkündür”.

Keniyanın Ətraf Mühit, İqlim Dəyişikliyi və Meşə Təsərrüfatı Nazirliyinin Baş katibi Festus Ng’eno qeyd edib ki, beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə ən vacib alətlərdən biridir: “Bu istiqamətdə COP29 olduqca ideal platformadır. Afrika ölkələri arasında beynəlxalq əməkdaşlıq genişləndirilməlidir. Afrika ölkələri iqlim dəyişikliyinin təsirlərinə ən ağır formada məruz qalan ölkələrdir. Qida təhlükəsizliyi, su problemləri ilə mübarizə bizim xalqların mövcud reallığıdır. Əməkdaşlıq bizim yeganə çıxış yolumuzdur”.

Tədbir müzakirələr və sual-cavab qismi ilə davam edib.