10 oktyabr 2024 16:39
354

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş Azərbaycanın amfibiya təyyarəsi geri qayıdıb - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Azərbaycana qayıdıb.

“İki sahil” xəbər verir ki,  bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla - Ula, Bolu - Gerede, Uşak - Eşme, Akhisar - Taşkuyucak, Balıkesir - Edremit, Manisa - Alaşehir, İzmir - Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa - Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib:

"Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb. Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib."