Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfər etdi.
Azərbaycan və Rusiya Prezidentlərinin qarşılıqlı səfərləri bu ölkələrin dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmin bariz nümunəsidir. Dövlət başçımızın Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında iştirakı möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcəyindən xəbər verir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzaladığı Bəyannamədən sonra ölkəmizin şimal qonşumuz ilə qarşılıqlı əlaqələri keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçmişdir. Bu gün Kreml Azərbaycanı postsovet məkanında əsas strateji tərəfdaşlarından biri kimi müəyyənləşdirir. Bu siyasi kursun təməlində duran əsas amillərdən biri də iki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləridir. Dövlət başçımız çıxışında münasibətlərimizin dünəninə, bugününə diqqət yönəldərək Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqust ayında ölkəmizə dövlət səfəri zamanı Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyini bildirdi. Bu mühüm addım da iki dost, müttəfiq ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişi kimi qeyd edildi.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də, bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunur. Burada yeni həyat başlayıb. Laçın,öz doğma sakinlərinə qovuşan, qayıdışın sevincini yaşayan məskənlərimiz sırasındadır. Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də qayıdışın ünvanlarındandır. Əlaqələrin inkişafında yeni səhifə açacaq mühüm addımlardan biri kimi gələn il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyini də qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında bildirdi ki, Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Deputat diqqətə çatdırıb ki, Rusiya dünyanın ən güclü dövlətlərindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Bundan əlavə, ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Bu gün Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir, respublikamızda 150 mindən çox azərbaycan vətəndaşını əhatə edən rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir. Ona görə də Cənubi Qafqaz regionunda Azərbaycan-Rusiya münasibətlərinin statusundan çox şey asılıdır. İqtisadi sahədə Azərbaycan-Rusiya əlaqələri dərin və müxtəlif yönlüdür. 2024-cü ildə hər iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycan və Rusiya arasında imzalanan iqtisadi sazişlər və müqavilələr, təkcə ikitərəfli əlaqələri deyil, həm də regionda iqtisadi inteqrasiyanı gücləndirir.
K.Bayramov vurğulayıb ki, xalqımızın İkinci Dünya müharibəsində qəhrəmancasına iştirakından danışan Prezident İlham Əliyev deyib ki, Azərbaycan qələbənin əldə olunmasına sanballı töhfələr verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib : “Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən, məşhur «Katyuşalar», «Yak-3» qırıcıları istehsal edilirdi.”
Prezident İlham Əliyev onu da xüsusi vurğulayıb ki, Azərbaycan Böyük Vətən müharibəsi zamanı cəbhəni yalnız neft və silahla təmin etmirdi, həm də Bakıda fəaliyyət göstərən 41 hərbi hospitalda 440 min yaralı müalicə alırdı: “1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. Xüsusilə 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”. Bütün bunları iclasda həmkarlarına xatırladan Prezident İlham Əliyev bildirdi ki, faşizm üzərindəki ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir.
Diqqət çəkən məsələlərdən biri də MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul edilməsi və MDB ölkələrində Böyük Vətən müharibəsi illərində hərbi və mülki məhsulların fasiləsiz istehsalında kollektiv töhfəyə görə veriləcək “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilməsi oldu. Birgə Qələbəyə verdiyi əvəzsiz xidmətləri nəzərə alınaraq paytaxtımız Bakının da bu statusa layiq görüləcəyi şübhəsizdir.
K.Bayramov əlavə edib ki, Bakının Kremllə qarşılıqlı münasibətləri təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır. Azərbaycanla Rusiya arasında daha geniş müstəvidə - bir neçə nüfuzlu və artıq dünyanın real güc mərkəzlərinə çevrilən beynəlxalq və regional təşkilatlarda da faydalı əməkdaşlığı mövcuddur. Hazırda Azərbaycan Rusiyanın mühüm mövqeyə malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusuna sahibdir və gələcəkdə bu quruma üzv olmaq niyyətindədir. Bu gün isə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında növbəti ünvan BRICS-dir. Dünya miqyasında çox geniş coğrafiyanı əhatə edən bu beynəlxalq qurum Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Qeyd edək ki, iyulun 3-də ŞƏT-in Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan tərəfinin BRICS-ə daxil olmaq arzusu ifadə edilib və Çin tərəfindən BRICS əməkdaşlığında Azərbaycanın iştirakı alqışlanıb. Bu məsələ cari ilin avqustunda Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putinin mətbuata bəyanatında da öz ifadəsini tapıb. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində isə Rusiya lideri Prezident İlham Əliyevin oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində Azərbaycanın da öz iştirakını təsdiq etmiş 25 ölkə arasında olduğunu bildirmişdir.
Göründüyü kimi, Azərbaycan və Rusiya Prezidentləri arasında etibar və dostluğun olması hər iki dövlət başçısının açıq siyasət yürütməsi ilə bağlıdır. İllər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir, birgə səylər göstərilir. Əlbəttə ki, əsas hədəf sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin olunmasıdır. Azərbaycan dövləti də daim bu məsələ üzərində çalışır.