23 aprel 2026 16:33
168

Azərbaycan və Latviya  münasibətləri: Strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiyaya keçid

Latviyanın Prezidenti  Edqars Rinkeviçsin  Azərbaycana rəsmi səfəri Bakı ilə Riqa arasında ikitərəfli münasibətlərin arxitekturasında keyfiyyət dəyişikliklərinin mühüm göstəricisidir. Bu gün Azərbaycan və Latviya Baltikyanı region və Cənubi Qafqaz arasında strateji yaxınlaşma inkişaf etdirir, dəyişən geosiyasi reallıqda siyasi dialoqun, iqtisadi əməkdaşlığın və regionlararası əlaqənin yeni səviyyəsini qurur.

Rəsmi bəyanatlardan da aydın oldu ki, söhbət sadəcə əlaqələrin saxlanmasından deyil, onların yeni səviyyəyə qaldırılmasından gedir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Latviya arasında diplomatik münasibətlər 1994-cü ildə, hər iki ölkənin müstəqilliyini bərpa etməsindən qısa müddət sonra qurulub. Uzun müddət bu əlaqələr əsasən ümumi Avropa və postsovet çərçivələrində inkişaf etmiş, intensiv ikitərəfli əməkdaşlıq səviyyəsinə tam çıxmamışdı. Bununla belə, hər iki ölkə oxşar başlanğıc şərtlərə malik idi: siyasi sistemlərin transformasiyası, beynəlxalq institutlara inteqrasiya və davamlı iqtisadi inkişaf modellərinin axtarışı. Latviya Avropa İttifaqı və NATO-ya üzv olmaqla avroatlantik inteqrasiyanı seçdiyi halda, Azərbaycan daha çevik, çoxvektorlu xarici siyasət kursunu üstün tutdu.

Məhz bu fərqlər uzun müddət münasibətlərin dərinləşməsini məhdudlaşdırırdı. Lakin son illərdə vəziyyət dəyişməyə başladı. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi təməl rolunu oynayır. Bu, hər iki ölkənin yüksək səviyyədə işləməsinə və lazımsız gecikmələr olmadan əməkdaşlığı genişləndirməsinə imkan verən hüquqi çərçivə yaratmışdır.  Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Cənubi Qafqazın artan geosiyasi əhəmiyyəti Bakını Baltik ölkələri də daxil olmaqla Aİ ölkələri üçün mühüm tərəfdaşa çevirmişdir. Və bunu hazırkı səfərin nəticələri bunu aydın şəkildə təsdiqləyir. Təhlükəsizlik və daxili işlər orqanlarının əməkdaşlığı, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, konsulluq sahəsi, fitosanitar nəzarət və sərhəd əməkdaşlığını əhatə edən sənədlər paketi imzalandı. Bu isə göstərir ki, əməkdaşlıq artıq bəyanatlar səviyyəsini aşaraq konkret planlar, müddətlər və institusional mexanizmlərlə praktik müstəviyə keçir.

Qeyd edilməlidir ki, Azərbaycan-Latviya münasibətlərinin indiki mərhələsi praqmatizm üzərində qurulur. Tərəflər konkret faydalara – ticarətə, logistika imkanlarına, təhlükəsizliyə və kənd təsərrüfatına fokuslanır. Qlobal sistemin transformasiyası fonunda məhz belə praqmatik tərəfdaşlıqlar daha dayanıqlı olur. Azərbaycan Baltik regionunda mövqelərini gücləndirməklə xarici siyasət və iqtisadi əlaqələrini şaxələndirir.

Səfər çərçivəsində investisiya perspektivlərinin və birgə layihələrin müzakirə olunduğu biznes forumu da xüsusi əhəmiyyət kəsb edir.  idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumunda  çıxış edən  ölkə başçımız  Azərbaycanın biznes mühitinin əsaslarından danışdı. Siyasi sabitlik, proqnozlaşdırıla bilənlik, investisiyalara açıqlıq, nəqliyyat əlçatanlığı və geniş bazarlara çıxış - Azərbaycan son bir neçə ildə bütün bunları məqsədyönlü şəkildə qurur və indi tərəfdaşlarına hazır həll yolu təklif edə bilər. O qeyd etdi ki: “Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır”.

Rəqəmlər bu dinamikanı təsdiqləyir: son iki onillikdə ölkə iqtisadiyyatına 350 milyard dollardan çox investisiya qoyulub ki, bunun da təxminən yarısı xarici investisiyalardır. Bu, Aİ ölkələri də daxil olmaqla, xarici tərəfdaşlarla etimad yaradır. Azərbaycan uzun müddətdir ki, Avropa üçün mühüm enerji tərəfdaşı olub və bu rol getdikcə daha da güclənir. Bu gün o, qaz ixrac edir və yaşıl enerji bazarına böyük bir girişə hazırlaşır. 2032-ci ilə qədər ölkə 8 gigavatt günəş, külək və su elektrik stansiyası istehsal gücünü istismara verməyi planlaşdırır. Bu, qlobal tələbatın xüsusilə yüksək olduğu bir vaxtda ixrac üçün əhəmiyyətli miqdarda təbii qaza qənaət deməkdir.  Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayının nəzərə alsaq (onların sayı  16 ölkədir), Avropa İttifaqının 62,5 %-i Azərbaycandan təbii qaz aldığını görərik. Əlbəttə ki, cənab İlham Əliyevin dediyi kimi: “Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik”. Bu gün ölkə tərəfdaşlarına şaxələndirilmiş iqtisadiyyat, etibarlı enerji, inkişaf etmiş tranzit infrastrukturu və balanslaşdırılmış xarici siyasət təklif edir.

Dövlət başçımızın mətbuata verdiyi bəyanatda mühüm  məsələlərdən biri də , iki ölkə prezidentlərinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etməsi ilə əlaqədar idi.  Hazırda  dünyada baş verən geosiyasi və hərbi proseslər   fonunda əsas  prioritetlərdən biri sülh və təhlükəsizliyin,  rifahın  təmin olunması üçün göstərilən səylərdir.   Azərbaycanla Ermənistan arasında  perspektivli sülh prosesindən bəhs edən prezident İlham Əliyev bildirdi ki: “ Bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”. Onun bu fikirləri, dünya ölkələri, xüsusi ilə də  hərbi əməliyyatlar, müharibə aparan ölkələr üçün, sülh və təhlükəsizlik üçün mühüm çağırışdır. Çünki, biz müharibəni, onun ağır fəsadlarını, faciəli nəticələrini yaşayan bir ölkə və xalq olaraq   anlayırıq ki, sülhün, xüsusi ilə ədalətli sülhün alternativi yoxdur.

Beləliklə, Beynəlxalq və regional arxitekturanın transformasiyası fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı, Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı və Cənubi Qafqazda sabitlik amilidir. Azərbaycan üçün isə Baltik ölkələri Şimali Avropa və Skandinaviya məkanına çıxış imkanı, həmçinin Aİ daxilində müəyyən istiqamətlər üzrə tərəfdaş deməkdir. Bütün bunların fonunda əsas nəticə aydındır: Azərbaycan sadəcə əlaqələrin coğrafiyasını genişləndirmir, eyni zamanda Baltik regionunun getdikcə daha mühüm yer tutduğu keyfiyyətcə yeni beynəlxalq münasibətlər sistemi formalaşdırır.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor