11 oktyabr 2024 14:50
329

Laçının MDB-nin mədəniyyət paytaxtı elan  edilməsi...

8 oktyabr 2024-cü il tarixdə Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin iclasda iştirak etmişdir. O, çıxışında bildirmişdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə  Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağılmışdı.  Bu gün Laçın artıq bərpa olunub. Yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar.

Cənab Prezident cıxışında Laçının MDB-nin mədəniyyət paytaxtı elan  edilməsinin həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla  qarşılandığını qeyd etmişdir.

Dövlətimizin başçısı Bakının bir aydan sonra ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcəyini diqqətə çatdırdı. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirdi. Növbəti il Azərbaycanda  III MDB Oyunları keçiriləcəyini, Gəncə şəhərinin idman paytaxtına çevriləcəyini dedi. Həmçinin bildirdi ki, yarışlar Azərbaycanın 10-dan çox şəhərində keçiriləcəkdir.

İkinci Dünya Müharibəsi Qələbəsinin 80 illik yubileyi ilə bağlı çıxış edərkən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi: “Hörmətli həmkarlar, bu gün MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin   80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrənanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də  birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayı 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə   sancdılar.”

 Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri