11 oktyabr 2024 15:27
122

Azərbaycanın növbəti diplomatik qələbəsi

Laçın şəhərinin sürətli dirçəlişi, inkişafı hər zaman ürəyimizdə daşıdığımız ümidin əbəs olmadığının bariz nümunəsidir. Laçınlılar heç zaman inamlarını itirmədilər və bu gün isə inamlarının bəhrəsini görürlər. Belə ki, üzun illər erməni işğalında qalan və Vətən müharibəsində azad edilən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.

 Azərbaycanın bütövlüyündə alınmaz qalaya çevrilən Laçının MDB ölkələrinin mədəniyyət paytaxtı seçilməsini ölkəmizin növbəti qələbəsi adlandırmaq olar. Haqlı olaraq Laçın şəhəri sivilizasiya və mədəniyyət beşiyi sayılır.

Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi eyni zamanda Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyətidir. Belə ki, bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Əslində burada böyük həqiqət payı vardır.

Laçının MDB-nin mədəniyyət paytaxtı statusu alması iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, bu şəhərə turistlərin marağı artacaq və ora səfər edəcək əcnəbilərin sayı artacaq. Xüsusi ilə estafedin qardaş ölkə Özbəkistanın Səmərqənd şəhərindən Laçın şəhərinə keçməsini ayrıca türk dünyasının bir uğuru olaraq da qələmə vermək olar.

Bu günü görə bilmədən minlərlə insan dünyasını dəyişib. Onların bir qisminin ölümünə səbəb elə Laçınsızlıq dərdi olub. İşğal altında keçən 30 il ərzində laçınlılar çox böyük əziyyətlər çəkiblər. Ağır həyat yaşayıblar. Rahat evlərindən didərgin salındıqdan sonra şəraitsiz yerlərdə ağır sosial-iqtisadi vəziyyət içərisində ömür sürüblər. Bütün bunlara baxmayaraq bu gün Laçın nəinki azaddır, eyni zamanda Laçınlılar böyük sevinc içərisindədirlər. Çünki bu şəhər artıq yalnızca Azərbaycanda deyil, bütün MDB məkanında öz gözəlliyi və önəmi ilə özündən söz etdirəcəkdir.

Bu günü bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, Azərbaycan Ordusuna, qazilərimizə ürəkdən təşəkkür edirik. Şəhidlərimizin önündə hörmətlə baş əyirik. Qazilərimizə də Allahdan şəfa diləyirik. Onlar canları, qanları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Onların sayəsində bu yerlər azad olunaraq dünyaya ən gözəl şəkildə tanıdılır.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü