Dostlarını və düşmənlərini düzgün seçməməyin bədəli ağır olur
Ona-buna hədə-qorxu gələn molla rejimi indi özünü yaxalayan suallara cavab verməlidir. Yaxın Şərqin müsəlman ölkələrində qanlar axıdan rejim, eyni zamanda, həmin ölkələri və digərlərini narkotik maddələr bazarına çevirərək "ağ ölüm" yaymaqla dünyada İslam dininin nüfuzuna ağır zərbələr vurub. Avropada, həmçinin dünyanın müxtəlif regionlarında müsəlmanların "İslam fundamentalistləri", narkotik alverçiləri, başkəsən və soyğunçu kimi təqdim edilməsinin günahkarı məhz İrandır. On illərdir ki, sərhədlərindən çox uzaqlarda fitnə-fəsad törədən bu ölkənin cinayətkar qrupları İrana pis imic qazandırıblar.
Qarabağın işğalı illərində erməni cəlladlara "qardaşım" deyən, onlara hər cür yardım edən rejimin rəhbərləri müqəddəs məscidlərimizdə donuz saxladıqlarına görə "qardaşlarına" "gözün üstə qaşın var" demədilər. Əksinə, Ermənistanla münasibətləri daha da istiləşdirdilər, Azərbaycana qarşı vuruşmaq üçün Zəngəzura silahlı qüvvə göndərəcəklərini bildirdilər. Diplomatları, səfirləri, generalları bizə hərzə-hədyan yağdırdılar, Tehrandakı səfirliyimizin əməkdaşını qətlə yetirdilər. Hansı dinə qulluq etdikləri bilinməyən əmmaməli şeytanların qarətçi dəstələri işğal edilən ərazilərimizdəki şəhər və kəndləri söküb tikinti materiallarını İrana daşıdılar. Halbuki belə davranış İslamın humanist qanunlarının tam əksinə idi. Bunların murdar əməllərindən danışmaqla qurtarmaz.
Dostu olmayan İran indi onu təhdid edənlər qarşısında tək qalıb. Belə də olmalı idi, çünki bunu özü haqq edib. İsraillə hərbi münaqişələr davam etməkdədir. Bu məsələdə ona dəstək göstərən Rusiya öz sərhəd qoşunlarını Ermənistandan çıxarmaqdadır. Bütün bunlar İranı çətin duruma salır. Çünki Cənubi Qafqazdakı yeganə dəstəkçisi də Ermənistanı tərk etməkdədir. On illərdir düşmənçilik etdiyi Avropa dövlətləri, xüsusilə ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları artıq Ermənistanda, onun bir addımlığındadır.
İsrail ordusu Livanın cənubunda Marun əl-Rəs bölgəsində nəzarəti ələ keçirib və burada Tehran rejiminin inşa etdiyi “İran bağı”nı dağıdıb. 2006-cı ildə İsrail sərhədinin 400 metrliyində salınan bağda Xomeyninin və Xameneyinin böyük portretləri, Qasım Süleymaninin heykəli quraşdırılmışdı. Portretlər və Süleymaninin heykəli də daxil olmaqla, İrana aid xatirə kompleksi dağıdılıb, onların yerində İsrail bayrağı qaldırılıb.
Molla rejimin rəhbərləri başlarına gətiriləcək bədbəxtliklərin miqyasını yaxşı bildikləri üçün dərin narahatlıq keçirirlər. Amma qorxularını büruzə verməmək üçün özlərini təmkinlə aparmağa çalışırlar.
“İranlılar Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindən çəkilməsini təmkinlə şərh edirlər”.
Bu sitat Ermənistan parlamentinin keçmiş deputatı Armen Abovyana məxsusdur. O, ortaya müxtəlif sualların çıxdığını bildirib: “Qərb missiyasının Ermənistan tərəfdən keçid məntəqəsinə nəzarət etməsi səmimi görünürmü? Bu kontekstdə iranlılar incə şəkildə eyham vururlar ki, amerikalılar və ya avropalılar keçid məntəqəsinə gəlsə, İran Ermənistanı özünə təhlükə hesab edəcək. Xatırladım ki, İran İsraillə müharibə aparır və ABŞ-ı (İsrailin əsas müttəfiqi) bu qarşıdurmanın potensial rəqibi hesab edir”.
Qeyd edək ki, bir neçə aydan sonra, daha dəqiqi 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq, onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək. Şübhəsiz ki, onların arasında Avropa İttifaqı ölkələrinin xüsusi xidmət orqanlarının əməkdaşları da "öz işlərini" görəcəklər. Təbii ki, İran kəşfiyyatı “qardaşlarının” ərazisindən onlara hazırlanan ssenaridən də xəbərdardır. Bu da çətin gündə "qardaş" sədaqəti...
Artıq İran Ermənistana bu barədə öz fikrini ekspert və politloqların dili ilə çatdırıb. Ermənipərəstliyi ilə tanınan iranlı ekspert Pouya Hüseyni erməni mediasına açıqlamasında Ermənistanı aşkar şəkildə hədələyib. O, rus sərhədçilərin Ermənistan-İran sərhədindən 1 yanvar 2025-ci ildə tam çıxacağı və sərhədləri ermənilərin özlərinin qoruyacağı mövzusunda danışarkən buna toxunub.
Hüseyni bildirib ki, sərhədlərini necə qorumaq Ermənistanın öz işidir və İran buna müdaxilə edə bilməz. Ancaq o, Rusiya kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan “Rıbar” nəşrinin yaydığı məlumatla bağlı İranın narahatlığını da diqqətə çatdırıb. Belə ki, “Rıbar” İranla sərhəddəki Zəngəzur vilayətində artıq ABŞ-ın iki kəşfiyyat qrupu üçün mövqelər hazırlandığı, rus sərhədçilər getdikdən sonra amerikalıların ora yerləşəcəyi və İranın fəaliyyətini və xüsusilə də raketlərin buraxılışını izləyəcəklərini bildirib.
Jurnalistin bu barədəki sualına cavabında Pouya Hüseyni vurğulayıb ki, İran bütün qonşularına xəbərdarlıq edib ki, öz ərazilərini anti-İran əməliyyatları məkanına çevirməsinlər: “Zəngəzurda belə bir şey olarsa, İran öz ərazilərini qorumaq üçün həmin nöqtələrə zəbə endirəcək. Bu, İranın qanuni legitim hədəfidir. Ermənistanın İranla belə bir qarşıdurmaya gedəcəyini düşünmürəm. Əgər İrəvan buna getsə, bu, şübhəsiz ki, Ermənistanın milli təhlükəsizliyinə ziddir və nəticədə hər iki ölkə üçün pis nəticələnəcək”.
Əvvəllər Azərbaycanın ünvanına şər-böhtan yağdıran İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin isə cınqırı daha çıxmır. İranın keçirdiyi onun təlaşıdır ki, ABŞ oyuncaq Ermənistan ərazisindən özünün hərbi-siyasi və iqtisadi maraqlarını təmin edə bilər. Xatırladaq ki, ABŞ və Fransa məhz İran və Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu sındırmaq, qoşunlarını Ermənistandan çıxarmaq məqsəd ilə uzun illər boyu bu regionda yerləşməyə can atırdı. Nəhayət, bu məqsəd alındı. Neçə vaxtdır ki, Avropa İttifaqı ölkələrinin casus və xəfiyyələri müşahidəçi adı altında bölgədə hərbi kəşfiyyat işləri ilə məşğuldurlar. Başqa vaxtlar ABŞ-a meydan oxuyan molla rejimi təhlükənin reallaşdığını, həm də lap yaxında olduğunu bilsə də etiraz səsini qaldırmağa cəsarət etmir.
Azərbaycan isə yenə də qonşuluq ənənələrinə sadiqdir və öz ərazisindən İrana qarşı əməliyyatlar aparmaq üçün heç bir ölkəyə icazə verməyib. Görəsən, rejimin rəhbərləri bunun fərqindədirlərmi? Azərbaycana qarşı dəhşətli səhvlərə yol verdiklərini gec də olsa başa düşürlərmi? Dostlarını və düşmənlərini vaxtında düzgün seçmədiklərini anlayıblarmı?
Vəli İlyasov, "İki sahil"