12 oktyabr 2024 01:26
281

15 oktyabrdan başlayan Zəfər yolu

15 oktyabr Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Çünki 2003-cü ilin bu günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 20 il sonra – 2023-cü ilin 15 oktyabınrda isə o, Xankəndidə üçrəngli Bayrağımızı ucaltdı. Bununla da Prezident 20 il öncə xalqa verdiyi vədini – ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsini başa çatdırdı. Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Biz xalq, dövlət olaraq bizi ciddi şəkildə narahat edən bir əsrlik problemimizi həll edərək erməni separatizminin kökünü kəsdik, Şərqi Zəngəzuru və Qarabağı terrorçulardan təmizlədik. Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Şuşada, Xocalıda, Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocavənddə - bütün Qarabağda Bayrağımızı qaldırdıq, hakimiyyətimizi, nüfuzumuzu bərpa etdik. Hazırda Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq, tikinti işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışı təmin edilir. Hər gün Bakıda və digər bölgələrdə olan keçmiş məcburi köçkünlərimiz Füzuliyə, Laçına, Zəngilana, Şuşaya, Cəbrayıla yola salınır, evlərinin açarları onlara təhvil verilir. Sevinc göz yaşları içərisində izlədiyimiz bu görüntülər bizdə gələcəyə böyük ümid, inam yaradır. 

İndi dövlətimizin qarşısında digər mühüm vəzifələr, missiyalar dayanır. Azərbaycanı daha da inkişaf etdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini daha da yüksəltmək, bütün bölgələrdə quruculuq işləri aparmaq, yeni iş yerləri açmaq üçün gözəl imkanlar yaranıb. Hər kəsə bəllidir ki, Qarabağ münaqişəsi, ərazilərimizin işğal altında olması, qaçqın və məcburi köçkün problemi bizim ümumi inkişafımızı müəyyən qədər ləngidirdi. Cənab Prezidentin peşəkar idarəçiliyi, uzaqgörənliyi sayəsində o problemlər həllini tapdı və bizə inkişaf, tərəqqi üçün yeni üfüqlər açdı. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Azərbaycan güclü dövlətə çevrilib, qüdrətli ordumuz var. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır.

Prezident İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycanın üçrəngli dövlət Bayrağını qaldırdı. Bütün dünya bu səhnəni heyranlıqla izlədi. Dostlar sevindi, düşmənlər məyus oldu. Bununla da qüdrətli Azərbaycan Ordusunun peşəkarlığı, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti sayəsində separatizmə və terrora ilk qalib gələn ölkə olduq. Xatırladaq ki, hələ 20 il əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan İlham Əliyev Azərbaycan Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldıracağını vəd etmişdi. Vədinə artıqlaması ilə əməl etdi.

Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdı. Bu 100 il ərzində xalqımız xeyli əzablara düçar olsa da amma əyilmədi, sınmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. Ancaq Azərbaycan haqqa, ədalətə, xalqın gücünə, ordunun qüdrətinə güvənirdi. Bu güvənc tarixi Zəfərlə başa çatdı.

Vətən müharibəsində Müzəffər Adi Baş Komandanımızın xalqa müraciətləri mahiyyət baxımından müharibənin xronikası kimi yaşanırdı. Bu müraciətlər xalq güvən verirdi, insanlar hər günü qələbə xəbərləri ilə yaşayırdı. Xalq hər kəndin və qəsəbənin işğaldan azad olunmasını Böyük Qələbənin yaxınlaşması kimi qəbul edirdi. Prezidentimiz bu sevinci, bu həyəcanı xalqa böyük qürurla çatdırırdı. 44 günlük müharibədəki tarixi Zəfərimizdən 3 il sonra- 2023-cü ilin sentyabrın 20- də birgünlük lokal antiterror tədbirləri ilə Xankəndidəki separatçı- terrorçu xunta birdəfəlik ləğv edildi. Ölkəmizin başçısı Xankəndidə çıxışında dedi: «Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi…».

Prezident tarixi Zəfərimizdən sonra siyasi proseslərə də, antiterror əməliyyatına da diqqəti çəkərək qondarma «dağlıq qarabağ respublikası»nın ideoloqlarının, rəhbərlərinin qanuni taleyindən də söz açdı: «Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında...»

Prezident İlham Əliyevin Qarabağın azad edilməsi üçün tarixi, siyasi şəraiti, əməliyyat planlarını zərgər dəqiqliyi ilə hesablamışdı. Bu Zəfərin əsas memarı da məhz Müzəffər Ali Baş Komandanımızdır. Düzdür, ölkəmizin başçısı Xankəndidəki çıxışında təvazökarlıq edərək özünün bu qələbədəki rolunu qabartmadı. O çıxışında bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladlarıdır: «Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir». 

Bəli, məhz Vətən müharibəsində gənclərimiz böyük həvəslə, coşqu ilə döyüşə gedirdilər. Ermənistandan fərqli olaraq bizim bir nəfər də olsun fərarimiz olmadı. Hətta elə bir əməliyyat, döyüş olmadı ki, orada hərbçilərimiz taktiki olaraq geri çəkilsinlər. Onlar ya qalib olurdular, ya da şəhidlik zirvəsinə ucalırdılar. Ermənilər isə silah-suratları ilə birgə təslim olurdular. Budur, Azərbaycan gəncinin, hərbçisinin qəhrəmanlığı və möhtəşəmliyi!..

Elçin Zaman, «İki sahil»