12 oktyabr 2024 00:33
350

DSX-da narkomaniyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

Bəşəri bəlaya çevrilmiş narkomaniyanı heç də əbəs yerə «ağ ölüm» adlandırmırlar. Eyni zamanda, bu gün «narkomaniya» insan həyatının darmadağın olması anlamını da verir. Ona görə də bu gün bəşəriyyətin ağıllı və vicdanlı hissəsi bu ümumbəşəri bəlaya qarşı ciddi mübarizə aparmağa çalışır. Bundan başqa, ayrı ayrı dövlətlərin və beynəlxalq təşkilatların da ictimai və siyasi fəaliyyətində narkomaniyaya qarşı mübarizə priortitet təşkil edir.

Təbii ki, narkomaniyaya qarşı mübarizə nə qədər şərəfli və dəyərli olsa da, bir o qədər də çətin və mürəkkəb işdir. Bu gün narkomaniya bütün dünyada ən kəskin problemlərdən birinə çevrilmişdir. «Ağ ölüm» cəmiyyəti təhdid edən böyük bəla, milli genofond üçün ciddi təhlükədir. Narkotiklərlə bağlı qanunsuz əməllərin gizli şəraitdə törədilməsi, onlara adekvat nəzarət mexanizminin mövcud olmaması və müvafiq faktların get-gedə artması narkomaniya probleminin aktuallığını və ona qarşı mübarizənin əhəmiyyətini yüksəldir. Narkotizmə qarşı ardıcıl mübarizə bu sahədə davamlı, hərtərəfli və məqsədyönlü fəaliyyətin reallaşdırılmasını tələb edir.

Təəssüf yaradan haldır ki, bu bəla daha çox gənc nəslin mümayəndələri arasında yayılır. Bir sıra hallarda əlverişsiz sosial çevrə narkomaniyaya meyili stimullaşdırır. Nəticədə narkotik asılılığın əsirinə çevrilən gənclər bu fəlakətli vərdişin dağıdıcı təsirindən xilas ola bilmirlər. Əvəzində narkomaniyaya qurşanan gənclər öz potensialını cəmiyyətin inkişafına yönəltmək imkanından məhrum olurlar.

Təəssüflə qeyd olunmalıdır ki, narkomaniya bəlası Azərbaycandan da yan keçməmişdir. Bu baxımdan gənclər arasında narkotiklərə meyilliyin artması ciddi narahatlığa əsas yaradır. Narkomanların sayının artmasının qarşısının alınması hər bir vətəndaşın fəal dəstəyini tələb edir. Eyni zamanda, narkomaniyaya qarşı mübarizədə dövlətimizin də qətiyyətli mövqeyi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan gəncliyi dövlət Proqramı»ında (2005-2009-cu illər)gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, «Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı»nda isə gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil nəzərdə tutulmuşdur.

Azərbaycanın müvafiq dövlət qurumlarında da narkomaniyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin 22.07.2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019- 2024-cü illər üçün Dövlət Proqramı»na uyğun olaraq Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2024-cü ilin 9 ayı ərzində keçirilən kompleks tədbirlər nəticəsində ümumilikdə 1 ton 9 kq 233 qram narkotik vasitə, 18758 ədəd metadon (9 kq 465 qram heroin; 7 kq 975 qram tiryək; 963 qram həşiş; 978 kq 538 qram marixuana, 12 kq 290 qram metamfetamin 18758 adad metadon) qeyri-qanuni dövriyyədən çıxarılmışdır. Bütün hallarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilmə cəhdləri İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə qeydə alınmışdır Dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinə görə 10 nəfər Azərbaycan Respublikası və 1 nəfər İran Islam Respublikası vətəndaşına DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən (67 fakt üzrə) cinayət işi açılmışdır. Bundan əlavə, «Xaş-xaş 2024» şərti adı altında Lerik, Zaqatala, Qax, Qazax, Qubadlı. Laçın və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 3100 kq (12400 odəd) xaş-xaş və 19438 kq (38696 ədəd) çətənə kollar müvafiq qaydada məhv olunmuşdur. Narkoxassəli bitkilərin aşkarlanması və məhvetmə prosesləri mütəxəssislərin, yerli icra nümayəndəliyinin və hüquq mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.

Zaur Zeynalov,
Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi, general-mayor