Keçmiş SSRİ-nin bütün xalqları faşist işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər. Azərbaycanın bu böyük qələbədəki rolu müstəsna əhəmiyyətə malikdir.
Lakin bu qanlı müharibədə faşizm ürərindəki qələbəni şərtləndirən ən böyük amillərdən biri Bakı neftidir. Müharibə illərində SSRİ-də hasil edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi. Bakı hərbi dəniz qüvvələrini də yüksəkkeyfiyyətli mazutla təmin edirdi. 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil edib ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü. Qəhrəman neftçilərimizin ağır əməyi və cəsarəti sayəsində Sovet texnikası havada, quruda və suda hərəkət edə bilirdi. Təsadüfi deyil ki Hitlerin ən böyük planlarından biri Bakını ələ keçirmək idi.
Müharibə illərində Azərbaycanda hərbi sənaye də inkişaf etdirilmiş, 130 növ silah, döyüş sursatı, “Katyuşa” raketləri, “Şpakin” pulemyotu, qırıcı təyyarələr istehsal edilmişdir. 1941-ci ildə hərbi-təsərrüfat əhəmiyyəti olan dəmiryolları istismara verilmişdir. Bakı avtomobil zavodunun əsası qoyulmuşdur. Azərbaycanın kəndlərindən cəbhəyə 100 minlərlə ton qida məhsulları göndərilmişdir.
Həmin dövrdə yüzlərlə atıcı batalyon, özünümüdafiə və hava hücumundan müdafiə dəstələri yaradılmışdır. Azərbaycanda 402-ci, 223-cü, 416-cı, 217-ci və 77-ci diviziyaların yaradılması faşizm üzərində qələbənin əldə olunmasında mühüm rol oynamışdır. 1941-1945-ci illərdə Azərbaycandan Sovet ordusunun sıralarına 600 mindən çox insan səfərbər olmuşdur. Onların 11 min nəfərini qadınlar təşkil etmişdir. Azərbaycan döyüşçüləri 2 may 1945-ci ildə qələbə bayrağını Brandenburq darvazasına sancmışlar.
Xuraman Ağayeva,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi