13 oktyabr 2024 19:15
487

“SpaceX” ilk dəfə “Super Heavy” daşıyıcı raketinin Yerə nəzarətli qayıdışını həyata keçirməyə nail olub

Amerikalı milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti “Super Heavy” daşıyıcı raketinin “Starship” kosmik gəmisi ilə beşinci sınaq uçuşunu uğurla başa çatdırıb.

“İki sahil” xəbər verir ki,  yayım şirkətin sosial şəbəkə səhifəsində aparılıb. Bir saatdan bir qədər çox davam edən uçuş zamanı gəmi 212 km yüksəkliyə qalxıb və Hind okeanında dəqiq müəyyən edilmiş kvadratda suya enib. Suya endikdən sonra bir parıltı görünüb, lakin yayımın aparıcıları bunun səbəbini şərh etməyiblər. “SpaceX” həmçinin ilk dəfə olaraq “Super Heavy” daşıyıcı raketinin Yerə nəzarətli qayıdışını həyata keçirməyə nail olub. Təxminən səkkiz dəqiqədən sonra raket 100 km-dən çox yüksəklikdən enib və Boka-Çika kosmodromunun (Texas ştatı) meydançasında quraşdırılmış xüsusi “Mechazilla” platformasına yumşaq eniş edib.

Buraxılışı canlı yayımda təxminən 4 milyon insan izləyib.

İstehsalçı şirkətin planlarına görə, “Starship” kosmik sistemi universal olacaq və müxtəlif versiyalarda Yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin buraxılması və Ay və Marsa, eləcə də daha uzaq kosmik obyektlərə missiyaların həyata keçirilməsi üçün istifadə edilə biləcək.