13 noyabr 2017 16:23
927

Robotlar Dubayın kommunal idarəsində xidmət göstərir

Dubayın elektrik və su təchizatı idarəsi (DEWA) müştərilərə xidmət heyəti qismində beş robotu işə götürmək barədə elan verib.

AZƏRTAC Dubay KİV-lərinə istinadla xəbər verir ki, DEWA-nın məlumatında işin səmərəsini ən yüksək dünya standartlarına uyğun artırmaq üçün idarənin bütün zəruri tədbirlər görəcəyi bildirilir. Bu, Dubayda süni intellektə və robot texnikasına əsaslanan, habelə müştərilər üçün “ağıllı” və innovasiyalı xidmətlər təklif edən ilk inteqrasiya edilmiş “ağıllı” mərkəzdir.

DEWA-nın rəhbəri Səid Məhəmməd Al Tayer bildirib ki, onun idarəsi dördüncü sənaye inqilabı ilə ayaqlaşmaq üçün daim səy göstərir. Məsələn, dövlət innovasiyaları və gələcəyin qurulmasında Dubayın liderliyinin möhkəmlədilməsi sayəsində əmirliyin dünyanın digər şəhərlərini 10 il qabaqlaması məqsədilə müxtəlif sahələrdə innovasiyalı texnologiyalardan istifadə edir, süni intellekt, robot texnikası, IoT, 3D-çap hazırlayır, habelə “Dubai 10X” təşəbbüsünü dəstəkləyir.

Hər robota əməkdaş nömrəsi veriləcək. Birinci robotun nömrəsi 99000099-dur. DEWA-da robot əməkdaşlardan başqa, artıq Rammas virtual əməkdaş xidmət göstərir ki, bu, çoxlu sayda suallara rekord müddətdə cavab verə bilər. Xidmət “Amazon Alex” sayt və sisteminin “ağıllı” əlavəsi üzrə reallaşır. DEWA ərəb və ingilis dillərində çat-bot işlədən ilk hökumət təşkilatıdır.