15 oktyabr 2024 21:50
275

“Benfika” korrupsiyada ittiham edilir

Portuqaliya Prokurorluğu Lissabonun "Benfika" futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.

İttiham “e-poçt işi” ilə bağlıdır. Klubun keçmiş prezidenti Luis Filipe Vieira və keçmiş hüquq məsləhətçisi Paulo Qonçalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar. Prokurorluq "Benfika"nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edir.

Portuqaliya çempionatının cari mövsümündə "Benfika" 7 oyundan sonra 16 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasında komanda iki görüşdə iki qələbə qazanıb. "Benfika" çempionatda (38) və Portuqaliya kubokunda (26) qələbələrin sayına görə rekordçudur və iki dəfə Avropa kubokunu (indiki Çempionlar Liqası) qazanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”