Müsahibimiz Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Tahir Mirkişilidir
-Tahir müəllim, ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir. İstərdik müsahibəmizə elə bundan başlayaq...
-Bu günlərdə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanın iqtisadiyyatı, müstəqilliyi üçün böyük tarixi hadisədir. Ümumiyyətlə, bu kimi layihələr hər bir dövlətin müstəqilliyini daha da möhkəmləndirir. Nəzərə alaq ki, müstəqilliyin əsas elementlərindən biri iqtisadi, siyasi və nəqliyyat müstəqilliyidir. İqtisadi müstəqilliyə artıq Bakı-Tbilisi - Ceyhan layihəsi gerçəkləşəndə nail olmuşduq. Siyasi müstəqilliyə isə ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan və Azərbaycan siyasi iradəsini ortaya qoyandan sonra nail olduq.
İndiyə qədər nəqliyyat xətlərində müstəqilliyə tam nail olmamışdıq. Bakı-Tbilisi-Qars dəmir yolu bu uğura da imza atmağımızı şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, BTQ Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.
- Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycan və digər iştirakçı dövlətlərə nə vəd edir?
-Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars layihəsi Avropa - Qafqaz - Asiya beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir. Əgər tarixə nəzər salsanız, 1993-cü ildə Avropa Birliyi tərəfindən “TRASEKA” layihəsi qəbul olunmuşdu. Bu layihənin əsas məqsədi Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin inteqrasiya olunması ilə bağlı idi. 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda təşkil olunan “Tarixi İpək Yolu” Beynəlxalq Bakı Konfransında Bakı Bəyannaməsi qəbul olunmuşdu. Məhz o Bəyannamə bugünkü Bakı-Tbilisi-Qars layihəsinin hüquqi və siyasi platformasının hazırlanmasında mühüm rol oynamışdır. Artıq sonradan, 2007-ci ildə Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü ilə əsası qoyulan Bakı-Tbilisi-Qars layihəsi son 10 ildə uğurla icra edildi. Tarixdəki mühüm bir məqamı diqqətə çatdırmaq istərdim. 2007-ci ildə Ermənistan və onun havadarları Bakı-Tbilisi- Gümrü layihəsinin həyata keçirilməsini çox istəyirdilər. Çünki onlar hesab edirdilər ki, bu layihənin icrası Ermənistandan kənar mümkün ola bilməz.
Əgər biz, BTQ layihəsinin buraxılış gücünə diqqət yetirsək görərik ki, ilkin mərhələdə 6,5 milyon ton yük və 1 milyon sərnişin daşınması planlaşdırılır. Artıq növbəti mərhələdə 3 milyon sərnişin və 20 milyon ton yükün daşınması nəzərdə tutulur. Qeyd etmək istəyərdim ki, Xəzər dənizində iki, xüsusilə Ələt və Aktau limanının həyata keçirilən yenidənqurma işlərindən sonra iş qabiliyyətləri 20 milyon tonu keçmişdir. Bu o deməkdir ki, yüklərin birbaşa Avropa Birliyindən Çinə daşınmasında tranzit istiqamətində heç bir fasilə yaranmayacaq. Nəzərə alsaq ki, bu gün Avropa Birliyi ilə Çin arasında çox dinamik ticarət əlaqələri var, illik dövriyyə 500 milyard dolları keçir, yük daşınması 200 milyon tondan çoxdur, bu halda artıq yüklərin bir hissəsinin Azərbaycandan keçməsi çətinlik yaratmır.
Dünyada belə bir standart yanaşma vardır ki, 1 ton yükün 1 km daşınması ölkəyə 0,1 dollar, 1 sərnişinin 1 km daşınması isə 0,03 dollar gəlir verir. Bu beynəlxalq dəmir yolu daşınmalarında tətbiq olunan standart yanaşmadır. Əgər standart yanaşma ilə yanaşsaq, 20 milyon yükün və 3 milyon sərnişinin daşınması Azərbaycan büdcəsinə 1,5 milyard dollar həcmində gəlir vermək iqtidarındadır. İkinci mühüm istiqamət - biz buna revers istiqamət deyirik, yəni əks istiqamətdə yüklərin daşınması. Bu gün Azərbaycan iqtisadiyyatında aparılan köklü islahatlar, Azərbaycanın ixracyönlü iqtisadi modelinin qurulması təbii ki, ölkə sahibkarları üçün ənənəvi və qeyri-ənənəvi bazarlara daha sürətli və daha ucuz çıxmaq imkanlarının təmin olunmasını tələb edir. Məhz bu baxımdan Azərbaycan sahibkarları Bakı-Tbilisi-Qars layihəsindən istifadə etməklə Türkiyə, Avropa və yaxud da Çin bazarlarına daha qısa müddətə və ucuz qiymətə məhsul çıxara bilərlər. Bu da Azərbaycan sahibkarları üçün daha rəqabətqabiliyyətli olmağa imkan verir.
Yaxınlarda Şimal Cənub nəqliyyat dəhlizinin açılışı gözlənilir ki, bu da birbaşa Finlandiyadan Hindistana qədər yüklərin daşınmasını nəzərdə tutur. İki layihənin inteqrasiyası əslində Qərb-Şərq, Şimal-Cənub istiqamətində yüklərin daşınmasında Azərbaycanın bir nəqliyyat mərkəzi kimi rol oynamasına imkan verir. Bu da tranzitdə əldə edə biləcəyimiz ikinci imkandır.
Bildiyiniz kimi Baltik və Qara dənizləri arasında vikinq qatar layihəsi artıq işləyir. Klaipeda ilə Odessa limanı arasında 18 milyon ton yük daşınır. Bu yüklərin artıq bir hissəsinin eyni zamanda Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiya olunması layihənin gələcəkdə buraxılış qabiliyyətinin daha da artırılmasına imkan verəcək. Bütün bunlardan başqa region ölkələri arasında çox ciddi şəkildə ticarət həcminin artması gözlənilir. Bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 4,2 milyard dollardır. Layihənin həyata keçirilməsi ilə artıq hər üç ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə artaraq 10 milyard dollara çatdırılması planlaşdırılır. Bu gün Rusiya-Türkiyə, Türkiyə-İran arasında ticarət dövriyyəsinin artırılmasında ən böyük maneə məhz nəqliyyat dəhlizinin olmamasıdır. Artıq nəqliyyat dəhlizinin işə düşməsi, Türkiyə-Orta Asiya, Türkiyə və Rusiyanın Cənub hissəsi, Türkiyə-İran arasında ticarət dövriyyəsinin artması region ölkələrinin iqtisadiyyatı üçün əhəmiyyətlidir.
- Uğurlarımızın davamlılığı Dünya Bankının açıqladığı hesabatdakı mövqeyimizdən də aydın görünür. Bununla bağlı fikirləriniz...
- Dünya Bankının açıqladığı “Doing Business 2018” hesabatı dünyada ən nüfuzlu iqtisadi hesabat sayılır. Azərbaycanın 65-ci pillədən 57-ci pilləyə qədər yüksəlməsi, eyni zamanda Azərbaycanın Mərkəzi Asiya və Avropada ən islahatçı üç ölkədən biri hesab olunması, ölkəmizin ümumilikdə 10 indiqatr üzrə 6-da göstəricilərinin yaxşılaşması iqtisadiyyatımızda aparılan köklü islahatlarla bağlıdır. Çünki bundan öncə də dünya iqtisadi forumunun açıqladığı rəqabət qabiliyyətli indeksində Azərbaycanın iki pillə irəliləməsi və bütün istiqamətdə aparılan islahatların bu reytinqlərə təsir etməsi ölkə iqtisadiyyatı üçün kifayət qədər mühüm və müsbət stimuldur. Bu gün Azərbaycan bəlkə də dünyada yeganə ölkələrdəndir ki, iqtisadi islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin həyata keçirilməsi sırasında bu qədər fədakarlıq göstərir. Bir tərəfdən iqtisadi islahatlar aparırıq, digər tərəfdən beynəlxalq layihələr həyata keçiririk. Geosiyasi istiqamətdə Azərbaycan Rusiya-İran, İran-Türkiyə, Rusiya-Türkiyə münasibətlərinin müsbət istiqamətdə inkişafı yolunda əlindən gələni edir. Azərbaycanın bu fədakarlığının yüksək qiymətləndirilməsi müsbət amildir və bizi sevindirir.
- İnkişafın əsas hədəflərindən biri də idarəetmə sisteminin təkmilləşdirilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımları necə şərh edərdiniz?
-İslahatlar yalnız iqtisadiyyatı əhatə etmir. İqtisadiyyatda o zaman effektivlilik olur ki, o həm də idarəetməni əhatə edir. Biz Azərbaycanda keçirilən islahatlara ona görə çoxşaxəli deyirik ki, bu yalnız iqtisadiyyatın daxilində olan şaxələrlə bağlı deyil. İdarəetmə ilə bağlı məsələləri də əhatə etdiyinə görə islahatlar kifayət qədər çoxşaxəlidir. Məhz buna görə vəsaitlərin dövlət büdcəsindən xərclənməsinin şəffaflığının təmin olunması, onların üzərində nəzarətin getdikcə artırılması, dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, Azərbaycanda elektron hökumət sisteminin daha da təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin innovativ metodların tətbiq olunması imkan verir ki, bir tərəfdən büdcədən bu istiqamətə olan xərclərin həcmi azaldılsın, digər tərəfdən o strukturların daha effektiv formada fəaliyyəti təmin olunsun.
Ümumiyyətlə, idarəetməyə sərf olunan hər bir manat xərc sonradan özünü məhsulun maya dəyərində göstərir. Məhsulun maya dəyərinin aşağı salınması, rəqabətqabiliyyətinin artırılması birbaşa idarəetmədə aparılan islahatlarla bağlıdır ki, bu da son nəticədə ümumi daxili məhsulun artımına və ən nəhayət, Azərbaycan vətəndaşının maddi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.
Günel Eyyubova, Şəmsiyyə Əliqızı,
Vüsal Cahanov (foto), “İki sahil”