17 oktyabr 2024 15:00
108

Əbədiyaşar Lider Heydər Əliyevin ideyaları ilə inkişaf edən müstəqil Azərbaycan

YAP Şərur rayon təşkilatı 18 oktyabr - Müstəqiliyin Bərpası Gününə həsr olunmuş “Əbədiyaşar Lider Heydər Əliyevin ideyaları ilə inkişaf edən müstəqil Azərbaycan” adlı tədbir keçirib.

“İki sahil” xəbər verir ki, oktyabrın 17-də keçirilmiş tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev məruzəsində bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir: “Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” ilə oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir”.

Əmir Babayev çıxışında xatırladıb ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi: “Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalq Azərbaycan dövlətinin nicatını və inkişafını Heydər Əliyev şəxsiyyətində və siyasətində görürdü. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 97,7%-i iştirak etmişdi. Onların 98,8%-i Heydər Əliyevin lehinə səs vermişdi. Beləliklə, Heydər Əliyev Azərbaycan Respublikasının sayca üçüncü prezidenti oldu. Bununla da Azərbaycan xalqının və dövlətçiliyinin tarixində yeni bir mərhələ başladı. Bu, dövlət quruculuğunun təşkil edilməsi, müasir dövlətin qurulması, Ermənistanın hərbi təcavüzünün dayandırılması, ölkə həyatının bütün sahələrində islahatların aparılması və inkişafı mərhələsi oldu. Sonra  Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımızın 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdiyini və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladığını vurğuladı.Həmçinin qeyd etdiki, Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 21 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Cənab İlham Əliyevin Prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın fərqli beynəlxalq platformalarda nüfuz qazanması ciddi nəticələr verməkdə davam edir. Ölkəmiz çox önəmli beynəlxalq tədbir - COP29 ərəfəsindədir. Ölkələr var, belə tədbirləri on ildə bir dəfə keçirə bilmir, biz, az qala hər il bu və ya digər beynəlxalq tədbirin məsuliyyətli təşəbbüsçüsü, uğurlu evsahibi, yaxud güvənli tərəfdaşı oluruq. Cənab İlham Əliyev strateji qərarları ilə bu gün fövqəladə uğurlara imza atır və bununla da əcdadlarımızın ruhunu şad edir, gələcək nəsillərə işıqlı yol xəritəsi açır”.

Sonra partiya fəalları Məhərrəm Rəhimov, Yusif Qurbanov, Leyla Quliyeva, Ələkbər Süleymanov mövzu ətrafında çıxış ediblər.