10 noyabr 2017 14:08
862

Ağdamda mal-qaranın cins tərkibi yaxşılaşır

Ağdam rayonunda mal-qaranın cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsulları istehsalı artır.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, təsərrüfatlarda iri buynuzlu mal-qaranın baş sayı 40 min 741 başa, qoyun və keçilərin sayı 104 min 422 başa çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 1,2 faiz, o cümlədən inək və camışlar 2,4 faiz artıb.

İlin doqquz ayı ərzində təsərrüfatlarda 3131 ton ət, 25 min 546 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,2 faiz, süd istehsalı 0,9 faiz çox olub.

Heyvandarlıq məhsullarının istehsalının artması heyvanların baş sayının çoxalması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması ilə də əlaqədardır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə 2017-ci ilin 10 ayında 1872 baş inək və düyə süni yolla mayalandırılıb, 662 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis”, “Şarole” cinsindən olan buğaların toxumları istifadə edilir.