2020-ci il 20 oktyabr tarixində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğaldan azad edildi. 23 dekabr 2020-ci il tarixində bayrağımız Zəngilan rayonunda dalğalandı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub. Bu, bölgənin tarixi və coğrafi əhəmiyyətini bir daha ortaya qoydu. 20 oktyabr Zəngilan şəhərinin işğaldan azad edilməsi günü kimi qeyd edilir.
İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Rayon Ordumuzun rəşadəti ilə işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları genişləndi ki, bu da gələcək inkişaf perspektivləri üçün önəmli rol oynayır. Eyni zamanda, Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi bərpa olundu. Sərhədin nəzarətə alınması nəticəsində Ermənistana yönələn hərbi yüklərin qarşısı alındı.
Bundan əlavə, Qubadlı istiqamətindən gələcək erməni qüvvələrinin mühasirəyə alınması və tez bir zamanda zərərsizləşdirilməsi asanlaşdı. İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu Ermənistan üçün strateji əhəmiyyət daşıyan nəqliyyat marşrutu idi. Zəngilanın azad olunması ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi və bu, müharibə zamanı həlledici mərhələ oldu.
Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. İlk pilot layihə çərçivəsində Ağalı kəndində 200 evdən ibarət kənd salınmışdır. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Burada məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
Ağalı kəndi ağıllı kənd konsepsiyasının ilk dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. “Ağıllı kənd” layihələri, kənd təsərrüfatı inkişafı, ekoloji tarazlığın qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə atılan addımlar arasında yer alır. Zəngilanın günəş enerjisi potensialı, bu bölgəni “yaşıl enerji” zonasına çevirmək məqsədini güdür.
Zəngilanda günəş enerjisinin böyük potensialı var. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışır.
Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.
Prezident İlham Əliyev, Zəngilan rayonuna bir neçə dəfə səfər edərək bərpa işləri ilə tanış olub, müvafiq layihələrin təməlqoyma mərasimlərində iştirak edib. Bu səfərlər, Zəngilanın yenidən dirçəlişi və infrastrukturunun inkişafına yönəlib.
Zəngilan şəhəri günü, Azərbaycanın tarixi torpaqlarının azad edilməsi və yenidən bərpası yolunda atılan mühüm addımları simvolizə edir. Bu gün, eyni zamanda, gələcəkdə Zəngilanın inkişafı və revitalizasiyası üçün atılan addımları qeyd etmək üçün bir fürsətdir.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı