08 noyabr 2017 23:33
987

“Cənub Qaz Dəhlizi”nə maliyyə dəstəyi göstərən qurumların sayı artır

“Cənub Qaz Dəhlizi”nin beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilməsi davam edir. Layihənin reallaşdırılmasının sonuna doğru irəlilədikcə “Cənub Qaz Dəhlizi”nə beynəxalq maraq, xüsusilə də Avropanın maliyyə qurumlarının marağı artmaqdadır.

Xatırladaq ki, Prezident İlham Əliyev  hələ bu ilin əvvəlində  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısındakı nitqində layihənin icrası ilə bağlı maliyyə vəsaitinin cəlb edilməsi məsələlərinə toxunaraq  Dünya Bankının,  Asiya İnkişaf Bankının və Asiya İnfrastruktur  İnvestisiya Bankının layihəni maliyyələşdirmələrini önə çəkərək Avropanın maliyyə qurumlarından da analoji addımın gözlənildiyini bildirmişdi: “Burada xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, Azərbaycan qazı Asiyaya deyil, Avropaya nəql ediləcəkdir. Lakin gördüyümüz kimi, layihəyə verilən maliyyə dəstəyi baxımından Asiya maliyyə qurumları Avropa təşkilatlarından öndədir. Ümid edirik ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı da maliyyə dəstəyinin verilməsi və asiyalı tərəfdaşlarından geridə qalmamaq məsələlərini nəzərdən keçirəcəkdir. Əks təqdirdə bunu anlamaq çox çətin olacaqdır”.

Qeyd edək ki, artıq ötən ayın 20-də “Cənub Qaz Dəhlizi” QSC  və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında layihənin əsas hissələrindən olan  Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) bir hissəsinin maliyyələşdirilməsi məqsədilə 500 milyon ABŞ dolları məbləğində kredit ayrılmasına dair müqavilə imzalanıb.

Yaxın zamanlarda Avropa İnvestisiya Bankından da  TANAP-a  maliyyə dəstəyinin veriləcəyi gözlənilir. TANAP-ın baş direktoru Saltuk Düzyolun mətbuata bildirdiyinə görə, yaxın vaxtlarda  Avropa İnvestisiya Bankı “Cənub Qaz Dəhlizi” QSC-yə və layihənin digər səhmdarı olan Türkiyənin BOTAŞ şirkətinə  ümumilikdə 1,3 milyard dollarlıq kredit (800 milyon dolları “Cənub Qaz Dəhlizi” QSC-yə, 500 milyon dolları isə BOTAŞ-a) şirkətinə  ayıracaq. Bununla da indiyədək bütün kredit sazişləri üzrə layihəyə  cəlb edilən vəsaitin miqdarı  3,95 milyard  dollara çatacaq.

Qeyd edək ki, TANAP-a  Dünya Bankı 800 milyon dollar kredit ayırıb. Bu kreditin 400 milyon dolları Azərbaycanın zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, qalan hissəsi isə Türkiyənin zəmanəti ilə “BOTAŞ” şirkətinə verilib. Asiya İnfrastruktur İnvestisiya Bankı isə TANAP-a 600 milyon dollar maliyyə vəsaiti ayırıb.

Bundan başqa, Azərbaycan Respublikası, “Cənub Qaz Dəhlizi” QSC və Asiya İnkişaf Bankı (AİB)  arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair saziş imzalanıb. Eyni zamanda,  AİB-in Direktorlar Şurası ötən ilin sonunda  526 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib.

Azərbaycan öz növbəsində dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaiti hesabına layihəyə böyük maliyyə dəstəyi göstərir. Təkcə Fond tərəfindən  2014-2016-cı illərdə “Cənub Qaz Dəhlizi”  layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 1 milyard 232,1 milyon dollar vəsait yönəldilib. Ümumilikdə isə  2014-2019-cu illər üzrə tələb olunan maliyyələşdirmənin  yarıdan çox hissəsi artıq icra edilib. Bu, birinci növbədə Azərbaycanın maliyyə imkanlarının yüksək səviyyədə olmasını sübut edir.

Digər tərəfdən “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsi olmaqla yanaşı, həm də enerji marşrutlarının şaxələndirilməsi layihəsidir. Söhbət ondan gedir ki, şaxələndirmə  istehlakçılarla bərabər, istehsalçılar üçün də vacib amildir. Bu baxımdan Azərbaycanın da  çoxşaxəli nəqletmə şəbəkəsinə ehtiyacı var. Baxmayaraq ki, hazırda ölkənin təbii sərvətlərinin  nəql edilməsi üçün  7  kəmər var ki,  bunlardan 4-ü qaz kəməridir.

Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda olan mənbələr yenidir və bu, regionun və Avropa istehlakçılarının qaz ilə təchizatında yeganə yeni mənbədir. Bu baxımdan da Azərbaycanın  istər nəql marşrutlarının, istərsə də enerji mənbələrinin  şaxələndirilməsindəki rolu və Avropa üçün əhəmiyyəti açıq aydın ortadadır. Nəticə etibarilə beynəlxalq maliyyə qurumlarını, xüsusilə də Avropanın iri maliyyə institutlarını  da “Cənub Qaz Dəhlizi”nin maliyyələşdirilməsinə cəlb edən amil də elə budur.

Ceyhun Piriyev, “İki sahil”