22 oktyabr 2024 01:24
299

ABŞ Ermənistanla hərbi əməkdaşlığı niyə genişləndirir?

Beynəlxalq hüquqa uyğun olmayan formada, yəni  heç bir fakta əsaslanmadan Azərbaycanı ittiham edən ABŞ son günlər sürətlə  silahlanan Ermənistanla hərbi əməkdaşlığı gücləndirir. Bununla da Cənubi Qafqazda pozucu fəaliyyətini gücləndirir. Hətta bu günlərdə Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan ABŞ-də işgüzar səfərdə olub. O, səfər çərçivəsində ABŞ Müdafiə Əməkdaşlığı Agentliyinin direktoru Mayk Miller, ABŞ ordusunun təhlükəsizlik təminatı komandanı, briqada generalı Allen Pepper və müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə müavini Tressa Genov və digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə Ermənistan və ABŞ arasındakı müdafiə əməkdaşlığı əsas müzakirə obyekti olub. Elə bu səbəbdən mütəxəssislər bu səfəri sürətlə inkişaf edən ABŞ-Ermənistan hərbi əməkdaşlığının tərkib hissəsi kimi dəyərləndirirlər. Şübhəsiz, Ermənistana müasir hərbi texnika və silah sistemləri göndərməklə, təcavüzkara maliyyə yardımları ayırmaqla ABŞ bölgədə sülhə xidmət etmədiyini bir daha nümayiş etdirir. Əvvəllər Ermənistanla daha çox siyasi və diplomatik əlaqələrə üstünlük verən ABŞ  son vaxtlar təcavüzkarla hərbi əməkdaşlığa daha çox  meyillənib. Bu mənadda Vaşinqton Ermənistan ilə hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da dərinləşdirir desək, səhv etmərik.

Yeri gəlmişkən qeyd edək ki, son illər Hayastanın hərbi sahədə çalışan rəsmilərinin Vaşinqtona səfərləri adi hala çevrilib. Elə ABŞ-ın nümayəndələrinin bir ayağı Yerevandadır. Bütün bunların fonunda  Hayastanda hərbi təlimlər davamlı xarakter alıb. Hətta təcavüzkar ölkəyə  ABŞ üçün Cənubi Qafqazda strateji məntəqə kimi baxan Pentaqon Ermənistan Müdafiə Nazirliyinə öz müşavirini təyin edib. Şübhəsiz, belə  hərbi-texniki əməkdaşlıqla ABŞ Ermənistan ordusunu NATO standartlarına uyğunlaşdırmağa çalışır. Halbuki, bu gün bölgə belə təlimlərə, silahlanmaya deyil, sülhə köklənməlidir. Amma görünən budur ki, Ermənistan kimi, onun havadarları, o cümlədən ABŞ da bölgədə sülhün bərqərar olunmasında əsla maraqlı deyil. Bir məsələni də qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-17-də Kasablankada (Mərakeş) NATO-nun Əməliyyat İmkanı Konsepsiyasının illik konfransı çərçivəsində bu qurumun rəsmiləri ilə  görüşlər keçirib. Bu ilin sentyabr ayında NATO-nun Brüsseldəki qərargahında keçirilmiş görüşləri, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın NATO-nun "yeni cənub qanadı" kimi təcavüzkar ölkədə yerləşdirilməsinə dair təkliflərini nəzərə alsaq, Ermənistanın Şimali Atlantika Alyansının qılığına girmək məqsədilə dəridən-qabıqdan çıxmasını görməmək mümkün deyil.

Üstəlik, Hayastan rəsmiləri utanıb-qızarmadan ABŞ rəsmilərini, eləcə də digər qurumların nümayəndələrini inandırmağa çalışırlar ki, guya rəsmi Bakı Ermənistanın təkliflərinə cavab vermir. Şübhəsiz, bu, hayların siyasi manipulyasiyasından başqa bir şey deyil. Yəni, onlar  Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində özlərini dünyaya “sülh tərəfdarı”, Azərbaycanı isə “prosesi əngəlləyən ölkə” kimi göstərməyə və bu yöndə əks-təbliğat aparmaqla ölkəmizə  qarşı beynəlxalq təzyiqləri artırmağa çalışırlar. Əsas məqsəd də Ermənistanın şərtləri ilə yarımçıq sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Halbuki, iki ölkə arasında ikitərəfli saziş layihəsinin 75-80 faizi razılaşdırılıb. Amma Ermənistanın  əsas qanununda hələ də ölkəmizə qarşı ərazi iddiaları qalmaqdadır. Ermənistan isə konstitusiyasının Azərbaycanla imzalanacaq sülh sazişinə əngəl olmadığını iddia edir. Halbuki Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. Digər tərəfdən, İrəvan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda əksini tapmış Zəngəzur dəhlizinin açılmamasına manə törədir. Ermənistanın artıq yararsız bir quruma çevrilən ATƏT-in Minsk qrupundan imtina etməməsini də problemlərdən biri kimi göstərmək olar. Bəli, son günlər bu istiqamətlərdə əməli olaraq hər hansı irəliləyiş də müşahidə olunmur. ABŞ da bu kimi məsələlərin üstündən sükutla keçməkdə davam edir. Onlar sadəcə ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu  bildirməklə kifayətlənirlər.

Bu neqativ addımların heç vaxt regionda sabitliyin, əmin-amanlığın və təhlükəsizliyin bərqərar olmasına gətirib çıxarmayacağı gün kimi aydındır. Azərbaycan isə Cənubi Qafqazda sülhün əldə olunması istiqamətində səylərini davam etdirir. Eyni zamanda əgər belə demək mümkünsə, çomağı da əlindən yerə qoymur. Odur  ki, bütün bu təhdidlərə qarşı Azərbaycanın öz hərbi xərcləri artırması adekvat addım hesab edilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”