Bugünümüzün qürurverici hadisələrindən biri torpaqlarımızın işğaldan azad edilməsi günlərinin qeyd olunmasıdır. Yaşadığımız bu qürurlu anlara, tariximizin şərəfli günlərinə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında “Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” söyləyərək bildirir ki, Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr salınacaq, adları məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Dünyaya bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. İşğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi gələcəyə çağırışdır. 20 oktyabr Zəngilan Şəhəri Günüdür.
Hər bir əlamətdar gün tarixə nəzər salmağa çağırış edir. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.
Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdılar. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır.
Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Hazırda digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Zəngilan rayonu da sürətli bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin rayona 12 səfəri olub. Bu səfərlərin hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Bu günlərdə, oktyabrın 3-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirməklə ümumilikdə azad edilmiş ərazilərdə görülən işlər barədə aydın təsəvvür yaratmaq olar. 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular.
Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndləri də azad edildi və beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Qubadlıdan sonra Ordumuz zəfər yürüşünü, zəfər missiyasını şərəflə davam etdirərək noyabrın 8-də Şuşada Azərbaycan Bayrağını ucaltdılar. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər görülür. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında qurulan torpaqlarımız dünyanın diqqətindədir. Azərbaycanın iki ildə bu ərazilərdə gördüyü bərpa-quruculuq işlərini ermənilərin 30 illik işğal dövründə törətdikləri dağıntılarla müqayisə edəndə dünya bir daha ermənilərin necə vəhşi millət olduğunun şahidinə çevrilirlər. Azərbaycan xalqı qurucu, tarixinə, hər qarış torpağına sahib çıxan xalqdır. Dövlət başçısı İlham Əliyev daim ən yüksək tribunalardan bəyan etdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. İşğaldan azad edilmiş şəhərlərimizin Baş planları təqdim edilir. Əsas diqqət çəkən məqam bərpa-quruculuq işlərində qədimliklə müasirliyin sintezinin yaradılmasıdır. Bu məqam Qubadlı şəhərinin Baş planında da öz əksini tapıb. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.
Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Yeni inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Yol infrastrukturunun yenilənməsinə xüsusi diqqət göstərilir. Rayon ərazisində dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaq. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərlərinin hər biri qubadlıların Böyük Qayıdışını sürətləndirən addımlarla zəngindir.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri