23 oktyabr 2024 15:03
82

Bosniya və Herseqovina İqtisadi Forumu 2024: Dayanıqlı İnkişaf və COP29-a hazırlıq

Sarayevoda keçirilən Bosniya və Herseqovina İqtisadi Forumu 2024, ölkənin Avropa İttifaqına inteqrasiya və dayanıqlı inkişaf istiqamətindəki addımlarına həsr edilib. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGIC) ilə əməkdaşlıqda təşkil olunub və əsas mövzularından biri COP29 və gələcək inkişafın maliyyələşdirilməsi olub.

“İki sahil” xəbər verir ki, “Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi – Gələcək Sammiti və COP29-dan sonra” adlı paneldə BMT-nin Bosniya və Herseqovinadakı rezident koordinatoru Ingrid Macdonald, Bosniya və Herseqovina Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinin müavini Admir Softić, Monteneqronun Avropa İttifaqı üzrə Maliyyə Dəstəyi Koordinasiyası İdarəsinin Baş direktoru Bojan Vujović və Tondach şirkətinin təsisçisi Jasmin Hošo çıxış ediblər. Panel dayanıqlı inkişafın maliyyələşdirilməsi və COP29-un regiona təsiri ətrafında müzakirələrə həsr olunub.

İştirakçılar COP29-un iqtisadi siyasətlərə təsiri, yaşıl və rəqəmsal keçidlər, dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi və Avropa İttifaqı standartlarına uyğunlaşma kimi mövzularda konkret addımların atılmasının vacibliyini vurğulayıblar. Forumda COP29-un regionda davamlı inkişafı təmin etmədə əsas rol oynayacağı və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

NGİC üzvü, Bosniyanın sabiq Baş Naziri və BMT-dəki daimi nümayəndə, professor, doktor Lagumdžija forumu belə yekunlaşdırıb: "Dayanıqlı inkişaf, sülh və rifah yolu ilə irəliləmək üçün birgə səylərimizi davam etdirməyə qətiyyətliyik."