23 oktyabr 2024 16:14
90

İstehlak və mikro kreditlər fərqləndirilməlidir- Dövlət Xidməti

Azərbaycanda istehlak kreditlərinə və mikrokreditlərə eyni cür yanaşılması düzgün deyil.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisinin müşaviri Elman Sadıqov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Bu kreditlər fərqləndirilməlidir. Təklif edirəm ki, Azərbaycan Mərkəzi Bankı öz hesabatlarında, ümumiyyətlə hesabat formalarında istehlak və mikro kreditləri tam olaraq ayırsın. Biz hər bir kateqoriya üzrə hansı proseslərin getdiyini görək. Çünki, istehlak kreditindən fərqli olaraq mikrokreditlər növbəti mərhələdə dəyər yaradır. Bu kredotlər sahibkarlığın maliyyələşdirilməsi, özünüməşğulluğun təmin edilməsi üçündür. Əgər mikrokredit alan şəxs biznesini inkişaf etdirərsə, yeni əməkdaşlar cəlb edərək, özü məşğulluq yaradacaq", - deyə o qeyd edib.