23 oktyabr 2024 11:20
138

25 Oktyabr Qubadlı Şəhəri Günüdür

Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni, abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

2020-ci il oktyabrın 25-də Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağımızı dalğalandırıb. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev oktyabr;n 26-da xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.

Vüsalə Mehdiyeva,
Xətai rayonu, 265 nömrəli tam orta məktəbin tarix müəllimi