23 oktyabr 2024 23:44
73

0 manat, lüks həyat...

Dağıdıcı müxalifət partiyalarının rəhbərləri haram pullar hesabına "yağ yeyib yaxtada gəzirlər"

Artıq heç kəsə sirr deyil ki, dağıdıcı müxalifət partiyaları sifarişlərini yerinə yetirdikləri xarici dairələrdən qrant şəklində pullar alaraq firavan həyat keçirirlər. O da məlumdur ki, Azərbaycanda bu maxinasiyadan ilk istifadə edənlər AXCP və Müsavat partiyaları olublar və indi də bu "ənənəni" davam etdirirlər. Belə gəlir mənbəyi cəzbedici olduğuna görə bəziləri də halal zəhmətdən yayınıb "siyasətə" qurşanıblar. Bəziləri isə daha rahat həyat təmin etmək məqsədi ilə xarici ölkələrə gediblər. Orada onlara lazımi şərait yaradılıb və hərə əlinə bir mikrafon alıb Azərbaycana qarayaxma ilə məşğul olur, ölkəmizin imicinə zərbə vurur. Onların əksəriyyəti ABŞ-da, Almaniyada və ölkəmizə nifrəti ilə fərqlənən Fransada yuva salıblar. Simasını itirmiş bu adamlar Strasburqun, Parisin, Berlinin küçələrində anti-Azərbaycan təbliğatı aparır, dolayısı ilə erməni "kirvələrinə" sədaqətlə xidmət göstərirlər.

Dediyimiz kimi, siyasi fırıldaqçıların və işbazların partiya yaratmaq məqsədləri yalnız tamahdan doğur. Partiya rəhbərləri on illərdir ki, heç bir yerdə işləmədən bahalı mənzillərə və maşınlara sahib olur, övladlarını xaricdə təhsil almağa göndərir, necə deyərlər, "pula pul demirlər." Əvvəllər xarici dairələr AXCP sədri Əli Kərimlinin başından pulu yağış kimi yağdırırdılar. Cəbhəçilər öyünürdülər ki, Əli Kərimli də nazirlərin xidməti istifadəsində olan “Maksima” avtomobilində gəzir, bir neçə cangüdən saxlayır. Saydıqlarımızın hamısını təmin etmək üçün bol pul lazımdır. Düşünməyin ki, partiyanın sıravi üzvlərinə də belə pullar verilir. Xeyr. Sıravi üzvlərə yalnız mitinqlərə, piketlərə, küçə yürüşlərinə gedəndə azacıq miqdarda, bir sözlə, “tum pulu” verilir. Əsas məbləğ partiya rəhbərləri arasında bölüşdürülür. Hətta ədalətsiz pul bölgüsünə görə partiyalarda dəfələrlə narazılıqların olduğu da bildirilir. Lakin partiya funksionerləri indiyədək maliyyə mənbələri barədə heç kimə hesabat vermir, onu sirr kimi məxfi saxlayırlar.

Ancaq qanunvericilikdə var ki, partiya hesabat vermirsə, buna məhkəmə qaydasında baxılmalıdır, hətta iş partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır. Buna baxmayaraq yenə də bəzi partiyalar hesabat verməməkdə davam edirlər. Bu məsələ bir daha müzakirə olunub. Milli Məclisin deputatı Siyavuş Novruzov bu məsələyə öz münasibətini belə bildirib: “Qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir hesabat vermir. Qalan partiyalar isə hesabatlarının qarşısında 0 rəqəmini yazırlar. Yəni, heç bir vəsait daxil olmayıb. O zaman sual çıxır ki, bəzi partiyaların rəhbərləri iyirmi ildir işləmir, bunlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər? Hətta övladları xaricdə ən bahalı universitetdə təhsil alırlar. Onlar niyə hesabat vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ən böyük şəffaflıqdır. Ona görə də biz bu qanunu hələ daha da sərtləşdirməliyik. Bütün partiyalar hesabat verməlidir”.

Siyavuş Novruzov vurğulayıb ki, bu gün o partiyalar qarayaxmalarla məşğuldurlar və xarici kəşfiyyatla işləyirlər: “Azərbaycan ordusu, Azərbaycandakı tikinti-quruculuq işləri, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması haqqında qarayaxmalar aparırlar, blogerlik, tiktokerlik fəaliyyətləri ilə. Odur ki, biz öz sözümüzü deməliyik, mövqeyimizi bildirməliyik ki, bunlar şər-böhtandır”.

Onu da qeyd edək ki, siyasi məsələləri sosial şəbəkələrə daşıyan AXCP sədri Əli Kərimlidir.  Xalqın onu eşitmək belə istəmədiyini görən siyasi alverçi "fəaliyyətini" sosial şəbəkələrə gətirdi. Təbii ki, AXCP sədrinin yalanlarına orada da səs verən olmadı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsinə düşmənlərimizlə bərabər yas tutan birisinə xalq necə nifrət etməsin? Xalqına, Vətəninə xəyanət edən Kərimli və onun kimilərinə inanan və onlara qoşulan yoxdur. İndi meydanda Əli Kərimlinin sosial şəbəkə “kəşfindən” istifadə edənlər qalıb. Onlar cızmqara yazılarını xalqın oxumaq istəmədiklərini görüb sosial şəbəkələrdə zorən eşitdirməyi məqbul sayıblar. Ancaq onun da faydası yoxdur. Çünki çirkə batmış "ləpirlərini" hiss edənlər verilişi dərhal dəyişirlər. Qısaca desək, düşmən dəyirmanına su tökən “kal armudlar” xalqımızın boğazında qalıb. Onları hayxırıb tüpürmək lazımdır. Belə olmasa xarici düşmənlərimizə lakeylik edən, xalqını beş quruşa satan pul, var-dövlət hərislərinin sayı azalmayacaq. Bizim qədim ata-babalarımız xəyanəti ən ağır cinayət hesab edərək xainləri bağışlamayıblar. Biz də bağışlamayaq. Çünki xəyanət elə xəyanətdən doğur. Yoxsa 0 manat hara, haram pullar hesabına lüks həyat hara?

Vəli İlyasov, “İki sahil”