24 oktyabr 2024 15:38
337

Qarabağ Zəfərinin parlaq səhifəsi

25 oktyabr Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Dörd il əvvəl Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini Ermənistanın işğalından azad edib və bu uğur Azərbaycan tarixinə möhtəşəm Qələbə kimi həkk olunub.

Qubadlı rayonu coğrafi-inzibati baxımdan Azərbaycanın strateji rayonlarından biridir. Azərbaycanın Ermənistanla 120 km-lik sərhəd hissəsi bu rayonun ərazisini əhatə edir. Həmçinin, Laçın, Cəbrayıl, Zəngilan rayonları və Hadrut qəsəbəsi ilə həmsərhəd olması bu rayonun xüsusi coğrafi əhəmiyyətini artırır.

1993-cü ildə Qubadlı işğal olunduqdan sonra Ermənistan hərbi birləşmələri rayonun infrastrukturunu tamamilə darmadağın etmiş, sonrakı mərhələdə isə təbii sərvətləri düşmən tərəfindən talan olunub. Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni, təhsil, səhiyyə, iaşə, istehsal və kənd təsərrüfatı müəssisələrini və əmlakları, yaşayış və inzibatı binaları yandıraraq məhv edib, sosial və kommunal infrastrukturları sıradan çıxarıblar. 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyi, 4-cü əsrə aid Gavur dərəsindəki ibadətgah, V əsrə aid Qalalı və Göyqala abidələri, XIV əsrdə inşa olunmuş Dəmirçilər türbəsi, Hacı Bədəl və Laləzar körpüsü və digərləri erməni vandalizminin qurbanı olub.

44 günlük Vətən müharibəsində Qubadlı cənub-şərq istiqamətindəki döyüş cəbhəsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Rayonda ermənilərin hərbi bazasının olması, xeyli sayda texnika cəmləşməsi, işğal dövründə şəhər mərkəzində və Xanlıq qəsəbəsində qanunsuz məskunlaşmış ermənilərin böyük bir qisminin muzdlu kimi döyüşlərə cəlb olunması rayonda şiddətli və ağır döyüşlərin getməsinə səbəb olmuşdu. Ələlxüsus da Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlının strateji hakim yüksəkliklərində, o cümlədən Yazı düzü və Laçın istiqamətində düşmənin hərbi birləşmələrinin qərar tutmasına baxmayaraq, Silahlı Qüvvələrimizin peşəkarlığı və şücaəti sayəsində cəmi bir neçə gün ərzində bu strateji nöqtələr azad edildi. Bu ərazilərin nəzarətimizə keçməsi müharibənin taleyində mühüm rol oynadı.

2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən dördüncü rayon mərkəzi Qubadlı şəhəri oldu. Bununla da şanlı ordumuzun Laçın istiqamətində yolu açıldı. Bir neçə gün sonra Laçının cənub hissəsində yerləşən kəndlər azad edildi və Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizini nəzarətə götürdü. Beləliklə, Ermənistandan Qarabağdakı erməni terrorçulara göndərilən silah-sursat, hərbi texnika təchizatının qarşısı alındı,  Xankəndidə və ətraf ərazilərdəki separatçıların, hərbi xuntanın İrəvan və digər yerlərlə əlaqəsi blokadaya alındı. Bu amil tarixi Zəfərin əldə edilməsində əhəmiyyətli rol oynadı. Eyni zamanda, Qubadlının azad olunması Azərbaycanın Ermənistanla şərti sərhədlərinin bərpa olunması istiqamətində mühüm əhəmiyyət kəsb etdi.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib, bu rayonun işğaldan azad edilməsində şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunublar.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaldıb. 27 illik həsrətdən sonra qubadlılar öz doğma torpaqlarına qovuşdu. Rayon işğaldan azad olunduqdan dərhal sonra bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənməsi əməliyyatları ilə yanaşı, infrastrukturların bərpası, yol-nəqliyyat qovşaqlarının yaradılması, məskunlaşma ilə bağlı ümdə işlərin həyata keçirilməsi sürətlə davam etdirilir.

Həmçinin, Qubadlı rayonu ərazisində ölkəmizin iqtisadi idarəetmə strukturları üçün əsaslı tədbirlərə start verilib, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunun yaradılması sayəsində bu ərazilərdə gömrük-sərhəd keçidi üzrə nəzarət imkanları təmin olunub, işğaldan azad edilmiş torpaqlarda narkotik vasitələrin, psixotrop maddələrin, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlıya səfəri zamanı bölgə üçün əhəmiyyət daşıyan Xanlıq-Qubadlı yolunun təməli qoyulub. Həmin gün “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verilib.

2022-ci ilin oktyabrın 19-da dövlətimizin başçısı Qubadlı rayonuna növbəti səfəri zamanı “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Cənab İlham Əliyev Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak edib.

2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı rayonunun Zilanlı kəndinin təməlqoyma mərasimində iştirak edib. Kənddə məktəb binası, uşaq bağçası, ailə sağlamlıq, inzibati bina, klub, icma və idman mərkəzlərinin yaradılması nəzərdə tutulur. Həmin gün dövlət başçısı Qubadlı rayonunun Mahruzlu kəndinin də təməlini qoyub, eyni zamanda, Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana, şəhər inzibati binasının və 600 şagird yerlik tam orta məktəbin təməlqoyma mərasimlərində iştirak edib. Həmçinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoyan dövlət başçısı qeyd edib: “Ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllədə binalar üçmərtəbəli və dördmərtəbəli olmaqla 156 mənzildən ibarət olacaq”.

Azərbaycan Prezidenti 2023-cü il sentyabrın 5-də “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi nəzərdə tutulub.

Qubadlı hazırda inşa edilən iri infrastruktur layihələri, iqtisadi-sənaye əhəmiyyətli obyekt və müəssisələrin inşasının geniş vüsət aldığı ərazilərimizdən biridir. Beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçının arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları, sənaye potensialı baxımından əlverişli əhəmiyyət daşıyır. Rayonda “ağıllı texnologiya”lara əsaslanan enerji stansiyaları inşa edilir ki, 40 meqavata hesablanmış bu güclər hesabına Qubadlıda məskunlaşacaq insanlarla yanaşı, inzibati, sosial-iqtisadi və sənaye sektorlarının da təminatı tam həll olunacaq. İnşası yekunlaşmaqda olan Qubadlı-Eyvazlı, Qubadlı-Laçın  avtomobil yolları bu bölgənin digər rayonlarla vahid nəqliyyat-logistika sistemində birləşməsini təmin edəcək.

Tikintisi yaxın vaxtlarda tamamlanacaq Qubadlı şəhər yaşayış kompleksi və bir neçə iri kəndə əhalinin qayıdışı ilə Qubadlı qaynar həyatın, dirçəlişin yeni mərhələsinə adlayacaq. Perspektivdə Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, sənaye sahələri, aqroekoturizmin inkişafı planlaşdırılır. Beləliklə, Qubadlı bu dayanıqlı potensialları ilə Azərbaycanın ümumi inkişaf zəncirinə qoşulmuş olacaq.

Ramid Namazov,
​Milli Məclisin deputatı