26 oktyabr 2024 00:39
1027

Avropa Parlamenti özünü yormasın

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsini qəbul edə bilməyən, hayların yalanları ilə oturub-duran beynəlxalq qurumlar hələ də ölkəmizə qarşı qərəzli mövqelərindən əl çəkməyiblər.  Belə qurumlardan biri də Avropa İttifaqının qanunverici orqanı sayılan Avropa Parlamentidir. Belə ki,  oktyabrın 22-də Avropa Parlamentində  “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” mövzusunda müzakirələr təşkil edilib. Bu tədbirdə Avropa İttifaqının iş yerləri və sosial hüquqlar üzrə komissarı, əslən Lüksemburqdan olan Nikolas Şmit ölkəmizə qarşı qərəzli fikirlər səsləndirib. Daha doğrusu, o, Azərbaycanda insan hüquqlarının pozulması, siyasi fəal və hüquq müdafiəçilərinin siyasi motivli cinayət işləri ilə bağlı həqiqətə uyğun olmayan açıqlamalar verib. Halbuki, Avropa Parlamentində  Azərbaycanda insan haqlarının vəziyyəti və Bakı–İrəvan münasibətlərinə dair müzakirənin təşkilinə heç bir ehtiyac duyulmurdu.

Elə bu müzakirələr əsasında da oktyabrın 24-də Avropa Parlamenti faktları təhrif edən, beynəlxalq hüququ pozan və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zidd olan böhtan dolu növbəti qətnamə qəbul edib. Həmin qətnamə 453 lehinə, 31 əleyhinə, 89 bitərəf olmaqla qəbul olunub. Bununla da Avropa Parlamenti erməni diasporunun sadiq qulu olduğunu bir daha nümayiş etdirib. Yeri gəlmişkən, hazırda Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsinə sədr müavini təyin edilən, anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan fransalı Natali Luazo, ondan geri qalmayan Avropa komissarı Nikolas Şmit və digərləri Azərbaycana qarşı aparılan çirkin kampaniyanın önündə gedirlər.  Görəsən ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, qətlə yetirəndə, şəhər və kəndlərimizi yer üzündən siləndə, xalqımızın tarixi, dini və mədəni irsini kütləvi şəkildə dağıdanda, ərazilərimizi mina tarlasına çevirəndə bu qurum niyə səsini çıxarmırdı?

Şübhəsiz, Avropa Parlamentinin bu qərəzli mövqeyi bu qurumun ölkəmizin son illər əldə etdiyi uğurları, xüsusilə Qarabağ Zəfərimizi, bölgədə yaratdığımız yeni reallıqları həzm edə bilməməyindən irəli gəlir. Yoxsa ona  nə düşüb ki, Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulması, daha doğrusu, “qoca qitə”nin problemləri ilə əlaqədar deyil, Azərbaycanla bağlı bədxah qətnamələr və hesabatlar qəbul etsin?

Həmin “sənəd”də  yer alan əsassız iddiaları araşdıranda aydın olur ki, burada ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş açıq-aydın görünür, təcavüzkar ölkənin  silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyillərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına  təşəbbüs göstərilir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər hərbi əsirlər kimi qələmə verilir. Hətta Avropa İttifaqının Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırışlar edilir. Bunlara bir deyən gərək məgər Azərbaycan öz qazını sizə yalvarıb verir? Ehtiyacınız var ki, alırsınız da… Qətnamənin dəst-xəttindən açıq-aydın görünür ki, onu belə “çoxşaxəli” edən Makron Fransasıdır.

Amma Azərbaycan Respublikası Milli Məclisinin bu məsələ ilə bağlı  münasibətində deyildiyi kimi, qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, Qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Şübhəsiz, belə addımlar Cənubi Qafqazda gərginliyi artırmağa və sülh səylərinə mane olmağa yönəlib. Halbuki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların qorunması beynəlxalq hüquq normaları çərçivəsində ardıcıl həyata keçirilir. Ölkəmizdə demokratik institutların qurulması, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.

Görünən odur ki, Avropa Parlamentində bəzi deputatların mütəmadi olaraq artıq tarixin arxivinə atılmış Qarabağ məsələsini gündəmə gətirməkdə məqsədləri Azərbaycanın regionda sabitlik yaratmaq cəhdlərinə mane olmaq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Qərbin, o cümldən ABŞ-ın təhriki ilə ölkəmizi yarımçıq sülh sazişinin imzalamasına vadar etməkdir. Avropa siyasətçiləri Ermənistanla tezliklə sülh imzalanmasını tələb etməklə Fransanın, ABŞ-ın, eləcə də Ermənistanın mövqeyini təkrarlayır, onlara dəstək olurlar. Yeri gəlmişkən qeyd edək ki, erməni mətbuatı həmin qətnaməni öz çirkin niyyətləri əsasında şərh etməklə tirajlamaqdadır. Hətta “Hraparak” nəşri iddia edib ki, guya Avropa Parlamenti Azərbaycana qarşı qoşunların Ermənistan ərazisindən çıxarılmasını tələb edən qətnamə qəbul edib. Halbuki, haylar da, onların havadarları da yaxşı bilirlər ki, Azərbaycanın  heç bir ölkənin, o cümlədən Ermənistanın ərazisində qoşunu yoxdur.  

Bir sözlə,  Avropa Parlamenti elə düşünür ki, bu kimi qətnamələr, həmçinin rəsmi Bakı ilə təzyiq və ultimatum dilində danışmaqla güclü Azərbaycana təsir edəcək, onu Ermənistan kimi vassala çevirə biləcək. Şübhəsiz, bu onların xam xəyalı olaraq qalacaqdır. Üstəlik,  bədxahların bütün yalan və təxribatlarına baxmayaraq, Azərbaycan COP29 konfransını da yüksək səviyyədə keçirməklə, qlobal ekoloji böhranın həllinə böyük töhfələr verməklə onları növbəti dəfə məyus edəcəkdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”